Siyasət 11:34 01.08.2022

İbrahim Kalın: “Prezidentimiz İlham Əliyevə dedi ki, gəlin, boşluğu dolduraq...”

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Rusiya qazının Avropa üçün nəqlinə alternativdir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "A Haber” telekanalına deyib. 

TANAP Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə TAP vasitəsilə Cənubi Avropa ölkələrinə nəql edir.



"İki əsas alternativdən biri Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP-dır", deyə Kalın bildirib.

O xatırladıb ki, alternativ layihələr, xüsusilə də "Nabukko" keçmişdə həyata keçirilməyib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə danışdı. Bu, strateji nöqteyi-nəzərdir. O (Prezident Ərdoğan) dedi: "Gəlin boşluğu dolduraq". TANAP tamamilə Türkiyə və Azərbaycanın layihəsidir. Heç bir yerdən dəstək gəlmədi, maliyyə gəlmədi, üçüncü və dördüncü ölkələr daxil olmadı”, deyə Türkiyə prezidentinin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, 2018-ci il iyunun 12-də TANAP qaz kəmərinin birinci mərhələsinin (Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər) istismara verilməsi mərasimi olub. Həmin il iyunun 30-da TANAP vasitəsilə Azərbaycan qazının kommersiya tədarükünə başlanılıb. 2019-cu il iyunun 15-də "Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı TANAP vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Alpər