Futbolun ən önəmli simalarından biri olan isveçli hücumçu maraqlı açıqlamalarla yadda qalıb.
Qaynarinfo xəbər verir ki, ulduz futbolçu, hətta özünə qarşı atıla addımları da motivasiya vasitəsi kimi istifadə etdiyini bildirib. İbrahimoviç "Mançester Yunayted”dəki iki illik fəaliyyətinə toxunaraq bildirib ki, "Old Trafford”da karyerasına başlayandan sonra ona nifrət edənlər sonradan bəyənməyə başladılar.
İbrahmoviç ESPN-ə müsahibəsində bunları söyləyib:
"Mən əyləndim, çox həzz aldım, çünki Premyer Liqaya gedəndə hamı buna qarşı idi. İngiltərədə olduğum ilk günlərdə məni çox sevmirdilər. Bütün nifrət edənlər üç aydan sonra məni bəyənməyə başladılar, amma onları daha sevmədim. İnsanlar sizə nifrət etdikdə, daha yaxşı iş görmək ehtimalınız yüksəkdir. Onlar sizə ən yaxşı şəkildə çıxış etməyə şərait yaradır. Beləliklə, əyləndim. Əla yarışma və gözəl ab-hava var idi. İngiltərənin ən yaxşı komandası hesab etdiyim "Mançester Yunayted”də oynadım və buna görə də çox xoşbəxtəm. "Mançester Yunayted"ə getmək düzgün seçim idi. Düşünürəm ki, yaxşı vaxtda getdim, çünki uğuru olan kluba getmək asandır. Getdiyiniz zaman isə daha çətin bir sınaqla qarşılaşırsınz. Beləliklə, uğur qazansanız, hekayənin bir hissəsi olursunuz. Ona görə də azarkeşlər mənim üçün əla idi. Çox həzz aldım. Orada hər şey mükəmməl idi".
2016-cı ildə PSJ-dən ayrılan İbrahimoviç "Mançester Yunayted"ə azad agent kimi transfer olunub. O, "Qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 46 oyunda 28 qola imza atıb. Bununla yanaşı o, "Mançester Yunayted"də Avropa Liqası və İngiltərə Liqa Kubokunu qazanıb. Klubda olduğu ikinci mövsümündə zədələrdən əziyyət çəkməsinə baxmayaraq, o, ingiltərə futbolunda təcrübəsinə görə sevinir.
2018-ci ildə İngiltərədən ayrılıb ABŞ-ın MLS liqasına yollanan və 2 ilini burada keçirən, hazırda isə "Milan"da forma geyinən 40 yaşlı hücumçu Premyer Liqada uğur qazana biləcəyini sübut etməklə, ona qarşı səslənən mənfi fikirlərin müsbətə çevrildiyini düşünür.
2020-ci ilin yanvarında İtaliya A Seriyası təmsilçisinə transfer olunan Zlatan burada ümumilikdə 33 qola imza atıb ki, onların 8-ni cari mövsümdə rəqib qapılarından keçirib. İbrahimoviç "Milan"ın yenidən çempionluğa iddialılardan birinə çevrilməsində əsas rol oynayır. O, UEFA-ya açıqlamasında "Mlan"dakı çıxışı haqda bunları deyib:
"Mümkün qədər uzun müddət oynamaq istəyirəm. Həqiqət budur ki, kiminsə məndən daha yaxşı olduğunu görənə qədər oynayacağam. Ona görə də hələ də davam edirəm”.
Səbuhi Həsənov