Xəbər lenti

İcazəli yanğınların külü
Məmməd SÜLEYMANOV
Sənət12:21 06.02.2020

İcazəli yanğınların külü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məmməd Süleymanov
Alman əsgəri küçüyü tumarlayır, küçük də onun ardınca gedir. Bunu görən fransızda ilk dəfə millətçilik baş qaldırır. Ona elə gəlir ki, küçük bütün Fransaya xəyanət edib.
Bu epizod Alber Kamyunun işğal olunmuş Parisdə yazdığı gündəliklərdəndir. Kamyu onu hekayəyə çevirmək istəyirdi. Hekayə yazılmadı.
Bütün irticalar cılız epizodlardan başlayır. O parislinin gözünün qarşısında Fransa 40 gün davam gətirməyib uduzub, Hitler 23 ildən sonra Kampyen vaqonunu tapdırıb fransız generallara məhz onun salonunda kapitulyasiya aktını imzaladıb, ölkə ikiyə bölünüb. Ancaq o parisli heç nə olmayıbmış kimi mövcudluq keçirir.
Kommunistlər dəstə-dəstə ya döyüşdə, ya da gestaponun divarları arasında işgəncədən ölür - xırda burjua isə  nasistlərə yox, kommunistlərə od püskürür: "Bunlar niyə müqavimət göstərirlər? Qoymazlar yaşayaq”.
O, hər gün kollaborasionistlərlə qarşılaşır, ancaq heç birinə güldən ağır söz demir. Lap təzim edib keçir də. Bu vaxt millətçilik onun yadına da düşmür. Çünki, təhlükəlidir. Çünki həmin vaxt millətçilik hakimiyyətdə olanlar tərəfindən sanksiyalaşdırılmayıb.
Dirəniş verib ölənlər isə millətçi deyillər, ola da bilməzlər. Onlar bir millətin digər millətə qarşı savaşında yox, bəşəriyyət və insanlıq adına dirənişdə əsgərdirlər.
Küçüyün "xəyanət”indən əsəbiləşən xırda burjua isə məhz millətçidir. Onun ətrafında fransızları öldürürlər - görmək istəmir. Çünki, adekvat mövqe öldürülənlərin sırasında yer tutmağı diqtə edir.
Millətçi olmaq isə asandır - həmin küçüyü fürsət düşəndə təpiklə, sonra küçədə və evdə o küçüyü pislə - və işini bitmiş say. Müharibəni başqaları aparıb səni də xilas edəndə isə bu millətçilik karına gələcək - sinənə döyə, Fransanı necə sevdiyini qışqıra, memuarlar da yaza bilərsən.
Onsuz da vətənpərvərlərlə millətçilərin qarşıdurmasında çörək və imtiyazlar ikincilərə qismət olur həmişə. Onlara daimi tələbat var.
"Fransızlar xırda burjuaya və məmura çevrilib. Onları leqal inqilabçıya çevirmək - dahiyanə gedişdir. Onlar sui-qəsdi yalnız hakimiyyətin razılığı ilə edirlər”, - Kamyu işğal olunmuş Parisdə yazırdı.
Doğrudan da, müharibə bitəndən sonra millətçilik damarı oynayan fransızlar nifrətlərini kollaborasionistlərə yox, almanlarla sevgi yaşamış qadınlara tökdülər: başlarını keçəl qırxdılar, soyundurdular, döydülər və qovdular.
Leqal qiyam.
O parisli də küçüyü qadınla əvəzlədi.
***
Kamyudan 25 il sonra Sartr kədərlə təsdiqləyirdi: "Sinfi şüur yalnız istismarçı siniflərdə mövcuddur. İstismar olunanlar sinfi şüurdan məhrumdurlar”.
Elə bu da əzənlərə onlar üçün təhlükə yaranan anda birləşmək imkanı verir. Əzilənlər isə həmişə fraqmentarlaşıb. Bu bölünməni permanent etmək üçün hakim siniflərin cəbbəxanasında çoxsaylı fəndlər var. Qalır o fəndləri təbliğat və hətta qanunlar vasitəsilə legitimləşdirmək.
Milli, dini, irqi bölücülük həmin vasitələrin tarix boyu sınaqdan çıxarılmış daha qədim formalarıdır. Vasitələr isə daima təkmilləşdirilir, yeniləri düşünüb tapılır.
O parislinin seçimi vətənpərvərlik yox, millətçilik oldu. Hədəfində alman əsgəri yox, dilsiz-ağızsız küçük və bəxtini uduzmuş qadınlardı. Əsl səbəbkarlar kənarda qaldı. Yüz minlərlə satqın, çuğul, nasistlərə işləyən polis... O illərin Fransasının bir rəmzi Müqavimət hərəkatı, digər rəmzi isə Lüsyen Lakomb idi. Hətta müharibən 30 il sonra Lui Mal "Lüsyen Lakomb”u çəkəndə millətçilər onu süngü ilə qarşıladı. Onlar ekranda özlərini görmək istəmirdilər.
Əslində, Kamyunun bəhs etdiyi o parisli alman nasistinin fransız variantıdır. Sadəcə özünüidentifikasiya fərqli, adlar fərqlidir.
Vaxtilə Frankfurt qocaları "Faşizmi tənqid edə bilməyənlər kapitalizmi də tənqid etməməlidir” yazmaqla xırda burjuanın millətçiliyinin kapitalizmlə ayrılmaz bağlılığını göstərirdilər. Əzənlərin sinfi şüuru əzilənləri ram etmək üçün millətçilik toxumlarını bol-bol səpir, əzilənlər də onu məmnunluqla biçirlər.
1933-cü ilin yanvarında Hitler kansler elan olunanda xırda burjua bunu alqışlarla qarşılayır. Tomas Mann "onlar proletar kütlələrinin arasında itib-batmaq istəmirdilər” yazır. Sərrast ifadədir: proletar olmaq - millətçi olmamaq və dirənmək tələb edirdi. Bu isə xırda burjua üçün çox əziyyətli iş olardı.
Ancaq... hətta Mann da yanılır. Hitlerin seçilməsinə münasibətdə gülümsəyərək deyir: "Yaxşı oldu - heç 8 ay da davam gətirməyəcəklər”.
Hakimiyyətlərin leqallaşdırdığı millətçiliyin gücündən hələ az adamın xəbərdar olduğu vaxtlardı...