
Yasamal rayonundakı Şərifzadə küçəsi ev 34 və 36, İ. Zülalov küçəsi ev 17 və M. Seyidov küçəsi ev 3 də yaşayan sakinlər həlli müşkülə düşən bir problemlə üzləşiblər. Sakinlər dəfələrlə Yasamal rayonun səlahiyyət sahiblərinin, aidiyyati orqanların, eləcədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin qəbulunda olsalar da, bu müşkül məsələyə əncam edən tapılmayıb ki, taplılmayıb.
Sakinlər Qaynar.info-ya bildiriblər ki, rayon icra başçısının həlli mürəkkəbə çevrilmiş məsələnin həlli istiqamətində verdiyi birbaşa tapşırıqları da müavinləri qulaqardına vurub. Bir sözlə, Bağdaddakı kor xəlifədən aşağı hökm sahibi olmadıqlarını göstəriblər. Yəni İbrahim müəllim sən saydığını say, əsas biz saymaqdır, anlamı verən işlər görüblər. Sakinlərin narahatçılığı həm də İbrahim müəllimin halına “yanmaqdır”. Görəsən, doğurdan onun tapşırıqları müavinləri Xaliq Mehbalıyev və Səməd İslamov tərəfindən qulaq ardına vurulur, yoxsa məşhur el məsəlində olduğu kimi "DOVŞANA QAÇ, TAZIYA TUT" deyirlər. Hər halda həm belə, həm də başçı tərəfindən verilən tapşırığın baş altına qoyulan yumşaq yastıq olmasını fikirləşənlər də az deyil. Sakinlər onu da dilə gətirirlər ki, yuxarıda adı çəkilən müavinlər məharətlə həmin “vəd yastıqlarını” dəyişib, sakinlərin baş ağrısına çevrilən qanunsuzluğa rəvac verməklə məşğuldurlar.
SÖHBƏT NƏDƏN GEDİR?
Qaynar.info-ya 29 sakinin imzası ilə daxil olan şikayət məktubundan aydın olur ki, yuxarıda göstərilən dörd yaşayış binasının sakinləri qalıb tərəzinin bir tərəfində, rayonun səlahiyyətlərinin dəstəyi ilə qanunsuz maşınyuma məntəqəsini işlədən və həmin ərazidə yaşamayan Səfərov Qiyas Yusif oğlu və onun Adil adlı şəriki isə qalıb tərəzinin o biri tərəfində. 4 binanın sakinləri nə qədər çox olsalar da, rayon rəhbərliyinin nəzərində tərəzinin əks tərəfi ağır gəlir ki, ağır gəlir. Yəni icranın bağlı qapılarının açılmasında və icra başçısının verdiyi tapşırıqların həyat keçirilməməsində bu adamları tərəzinin ağır gəldiyi tərəfdə durması, onların əsas söz sahibi olduğunu bildirilir.
Şikayət məktubunda bildirilir ki, 2006 cı ildə Şərifzadə küçəsi 36-nın həyətində qanunsuz olaraq 50 kv metrlik bir qaraj tikilib. Bir müddətdən sonra həmin qaraj birdən-birə çörək sexinə çevrilib. 2011-ci ilin iyun ayında isə həmin qaraj - çörəkbişirmə sexi, avtoyuma kimi fəaliyyət göstərib. Elə bu vaxtdan da ətraf binalarda yaşayanların günləri göy əskiyə çevrilib. İcra başçısına edilən şikayət öz bəhrəsini müvəqqəti olsa da, verib; həmin ilin iyul ayında rayon İcra Hakimiyyətinin birbaşa göstərişi ilə avto-yuma məntəqəsi bağlanıb. Ancaq 2013 cü ilin mart ayına qədər...
PROBLEMİN ƏSAS MAHİYYƏTİ
Sakinlər icra başçısı İ.Mehdiyevə və rayon Polis İdarəsinin rəsi İsmayıl Əsədova şikayət ərizəsi ilə yenidən müraciət müraciət ediblər. 2013 cü ilin aprel ayının 5 də sakinlərdən bir qrupu rayon icra hakimiyyətində olur və onları rayon Mənzil Kommunal Birliyinə göndərirlər. Birliyin mühəndisi Qasımov Orduxan şikayətçilərə sənəd göstərir ki, həmin əraziyə 2009 cu ildən bələdiyyənin və İcra Hakimiyyətinin qaraj üçün sərəncamları var. Bütün bu sənədlər isə 2012 ci ildə arxa tarixə tərtib olunub. 16.03. 2013 cü ildə isə həmin saxta sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən 11/196 saylı texniki posport verilib. Şikayətçilər onu da iddia edir ki qarajlara belə sənəd verilmir. Bütün bunları icra başçısının 1 müavini Səməd İslamov və İcra Haskmiyyətinin humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov edib. Babalı deyənlərin boynuna, amma fakt faktlığında qalır; icra başçısının avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması haqda növbəti göstərişi də bir-neçə gündən sonra yaddan çıxır.
İCRA BAŞÇISI QƏZƏBLƏNİBMİŞ...
Ərizədə eyni zamanda o da göstərilir ki, 2013 cü ilin aprel ayının 8 də icra başçısının qəbulunda olduq. İcra başçısı avtoyumanın hələ də qanunsuz olaraq fəaliyyət göstərilməsini bilərkən qətiyyətli və qəzəbli şəkildə göstəriş verib ki, avtoyuma dayandırılsın. Elə 28-ci polis bölməsinin rəisi Hüseyn müəllimin qəbulunda da narahat və narazı şikayətçilər, qarajın sahibi Qiyas və onun şəriki Adillə birlikdə olurlar. Polis rəisinin də qənaəti bu olur ki, qarajdan təyinatı üzrə istifadə ediməməsi qanuna ziddir və buna son qoyulsun. Qiyas orda etiraf edir ki, 2011 ci ilə qədər onun heç bir sənədi olmayıb və ona görə də avtoyumanı bağlanıb. Amma indi bütün sənədlər alınıb, həm də keçmiş tarixə. Polis rəisi isə deyib ki, bu, qanunsuzdur və həyətdə avtoyuma işlətmək olmaz. Lakin “dəyirman öz işində, çax-çax baş ağrıdır" deyimində olduğu kimi problem yenə də ortadadır. Sakinlərin sözlərinə görə, aprelin 15-də bir daha icra başçısının qəbulunda olarkən icra başçısı qətiyyətlə bildirib ki, avtoyuma dayandırılmalıdır, suyu, işığı kəsilməlidir. İcranın səlahiyyət sahiblərindən olan Vaqif Məmmədova tapşırılır ki, bunları icra etsin. Vaqif Məmmədov hadisə yerində olur və icranın qətiyyətli tapşırığına "qətiyyətli şəkildə" əməl etmir.
MÜŞKÜLƏ DÖNMÜŞ İŞ VƏ SÖZÜ "YERƏ DÜŞƏN" İCRA BAŞÇISI
Məsələnin maraqlı tərəfindən biri də odur ki, 4 binanın sakinlərinin dəfələrlə icra başçısına ünvanlanan müraciətlərinə müsbət cabvab verilsə də, məsələnin həllində müsbətə doğru heç nə dəyişmir. İcra başçısının müavini Xaliq Mehbalıyev isə icraya ünvanlanan bir şikayət məktubua iki fərqli cavab göndərməklə kifayətlənir. İlk dəfə aprel ayının 19 verdyi cavabda deyilir: “Sizin, Şərifzadə küçəsi, 36 saylı evin yanında yerləşən vətəndaş Səfərov Qiyas Yusif oğluna məxsus avtoyuma məntəqəsinin fəaliyyəti ilə əlaqədar 15.04 2013 il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının qəbulunda etdiyiniz müraciətə cavab olaraq bildiririk ki, rayon İcra Hakimiyyəti tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və gələcəkdə də, qarajdan başqa məqsədlərlə istifadə edilməməsi haqda vətəndaşa xəbərdarlıq edilib. 2-ci cavab isə may ayının 27 də imzalanaraq göndərilir və qeyd edilir ki, Daşınmaz Əmlakın Reystri Xidməti tərəfindən verilmiş 16. 03. 2013 cü il tarixli sənədə görə həmin qaraj Səfərov Qiyasa məxsusdur. Və qonşu ilə münasibətə görə məhkəməyə müraciət edə bilərsiniz. Belə, Yasamal Rayonun İcra Hakimiyyətinin başçısının dəfələrlə verdiyi göstərişləri yerinə yetirməməkdə, görəsən, müavinlərin hansı maraqları var.
Tərəf olaraq icra hakimiyyətinin müavinləri ilə əlaqə saxlasaq da, onların xidməti telefonları “dərsini bilməyən şagird kimi” susdu. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəsmisi Vaqif Məmmədov isə tədbirdə olduğunu əsas gətirərək açıqlama verə bilməyəcəyini dedi. O, bu məsələ ilə bağlı ancaq sabah danışa biləcəyini bildirdi.
Yasamal rayon Mənzil Kommunal Birliyininin mühəndisi Orduxan Qasımov isə Qaynar.info-ya açıqlamasında sakinlərin etirazının haqlı olduğunu etiraf etsə də, bu məsələnin həllinin onların səlahiyyətlərindən kənar olduğunu qeyd etməyi də unutmadı: bu qanunsuz fəaliyyəti İcra Hakimiyyətinin göstərişi ilə polis saxlaya bilər.
Mənə deyirlər get əraziyə bax, məruzə elə, mən də edirəm. Orduxan müəllim onu da qeyd etdi ki,qarajdan avtoyuma kimi istifadə edib, ətrafda antisanitariya yaradıb yolxucu xəstəliklərə rəvac verənlər İcra Hakimiyyətinə adekvat olaraq şikayət ərizəsi ilə müraciət ediblər ki, bəs qonşular balkonlarının altında əkdikləri ağaclar və sarmaşıq kolları ilə şəhərin arxitekturasına, fauna və floraya mənfi təsirlərini göstərir və sakinlərin narazılığına səbəb olurlar.
Onun sözlərinə görə əgər sakinlər şikayətlərini geri götürməsələr, İcra Hakimiyyətinin bəzi məsuliyətliləri bunu gerçəkləşdirəcək.
Cavid
Qaynar.info