
Səbayel rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin adı keçən yol qəzası ilə bağlı cinayət işi it-bata düşüb. Başqa sözlə, deyəsən, cinayət işi yoxa çıxıb.
Bu qənaətə gəlməyə səbəb, cinayət işi üzrə aparılan istintaqın gedişatı barədə Analitik.az-ın suallarına müvafiq orqanların müəmmalı cavabları oldu. Bu barədə bir qədər sonra...
Xatırladaq ki, cinayət işinin açılmasına səbəb olan hadisə sentyabrın 27-də saat 18 radələrində Bakının Xəzər rayonu Türkan qəsəbəsi ərazisində baş verib. Qəbələ rayon sakini Əhliman Qəhrəmanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes S Class” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes S Class”da olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişdi. Qeyd edək ki, mərhum “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, eyni zamanda Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir.
İcra başçısı Asif Əsgərovun oğlunun yüksək sürətlə maşını idarə etməsinə görə baş verdiyi bildirilən qəza ilə bağlı açılan cinayət işinin başqa bir istiqamətə yönəldildiyinə dair məlumatlar var. Daha doğrusu, söhbət hadisə baş verən zaman “Mercedes S Class”ın sükanı arxasında İlham Əsgərlini müşayiət edən ailə sürücüsünün olması versiyasına haqq qazandırılmasından gedir. İstintaqın gedişatı ilə maraqlanmaq məqsədilə öncə Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsi ilə əlaqə saxladıq. Bizə şöbə rəisi Məmmədağa müəllimlə əlaqə saxlamağı tövsiyə etdilər. Şöbə rəisinin iş vaxtı olmasına baxmayaraq, 590-91-07 nömrəli xidməti telefonuna nə qədər zəng etsək də, dəstəyi qaldıran olmadı. Beləcə bizi maraqlandıran suala bu idarədən cavab tapa bilmədik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Ehsan Zahidov Analitik.az-a bildirdi ki, artıq iş müvafiq prokurorluq orqanına göndərilib: “Sentyabr ayında baş verən qəzada olan ölüm hadisəsiylə bağlı materiallar çoxdan prokurorluğa göndərilib. Prokurorluqla əlaqə saxlayın.”
Xəzər Rayon Prokurorluğu ilə əlaqə saxlayıb istintaqın gedişatı ilə maraqlandıqda isə bildirdilər ki, işlə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi məşğul olur: “Bu ölüm hadisəsiylə bağlı cinayət işinin materialları prokurorluğa daxil olmayıb.”
Beləcə, DİN istintaqın prokurorluqda, prokurorluq isə polisdə oluğunu israr edir. Bu ötür-ötür oyunundan bir çox nəticələr çıxa bilər. Ən sadəsi budur ki, ya cinayət işi yoxa çıxıb, yaxud da bu işin unudulmasında maraqlar var. Biz “torbada pişik var” məsəlini çəkmək istəmirik. Çox maraqlıdır, görəsən, İlham Əsgərli icra başçısı Asif Əsgərovun oğlu olmasaydı, onda da bu cinayət işi müəmmalı şəkildə yoxa çıxarılardı?.. Elə maraqlı olduğu üçün də məsələnin araşdırılmasını davam etdirməyə dəyər...
Qaynar.info