Xəbər lenti

İcra hakimiyyətlərinin ləğvi nələri dəyişə bilər? - Ekspert
Ölkə10:47 09.05.2022

İcra hakimiyyətlərinin ləğvi nələri dəyişə bilər? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrə səbəb oldu.
İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi. İcra sturkturlarında neqativ hallara qarşı mübarizənin aparılması ilə yanaşı, növbəti addım kimi yerli bələdiyyə institutlarının gücləndirilməsi, mer seçkilərinin keçirilməsi və bələdiyyə strukturları ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin olunmasına ehtiyac yarandığını söyləyənlər də var. Ekspertlərin sözlərinə görə, yerli özünüidarəetmə institutlarının güclənməsinə ehtiyac yaranıb. Lakin yerlərdə icra hakimiyyəti konstitusiyanın 124-cü maddəsi ilə müəyyən olunur. Hazırkı halda islahatların aparılması üçün konstitusion reformalara ehtiyac var. Çünki təsisatların adının dəyişdirilməli və əhatə dairəsinə müddəalar daxil olunmalıdır. Belə ki, rayon, şəhər icra hakimiyyəti başçıları institutu var. İnzibati ərazi quruluşunu  dəyişmədən bu təsisatda islahat aparılması üçün yerli icra orqanları ilə bağlı əsasnaməyə yenidən baxılmalıdır. Hazırda İcra başçıları üçün verilən səlahiyyətlərin bəziləri formal xarakter daşıyı. Görünən odur ki, ölkədə mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin optimallaşdırılması vacib şərtlərdən birinə çevrilib. Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin fərmanına əsasən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib. Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilən müvafiq ərazilərdə fəaliyyətlərini Prezidentin xüsusi nümayəndəsi ilə əlaqələndirilən qaydada həyata keçirəcəklər. 
Hər bir rayon üzrə icra hakimiyyəti sistemi mövcuddur. Amma bu sistemdən fərqli olaraq, Prezidentinin xüsusi nümayəndəsi yerli icra hakimiyyətləri tərəfindən aparılan işlərə, dövlət tərəfindən həyata keçirilən islahatlara, ümumiyyətlə yenidənqurma prosesinə birbaşa ölkə başçısının nəzarətini həyata keçirəcək. Bu baxımdan yeni sistem daha çevik bir idarəetmə institutunun formalaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirilir. Bəzi təhlilçilərə görə, daha işlək institutlar qurulmalı, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edilməli, yerli özünüidarə institutu gücləndirilməlidir. Ölkədə  bir neçə iqtisadi bölgə təsis edilə bilər. Bunun üçün isə bələdiyyələrin səlahiyyətinin genişlənməsinə ehtiyac var.
Əksər araşdırmaçılar bu fikirdədirlər ki, Azərbaycanda icra hakimiyyətləri institutu özünü doğrulmayıb. Son illərin təcrübəsi göstərir ki, belə bir institutun qalması ölkənin inkişafına deyil, əksinə yerində saymasına xidmət edir. Bu mənada artıq bir neçə müddətdir ki, ölkəmizdə icra hakimiyyətlərinin ləğvi məsələsi bütün ciddiliyilə ortaya gəlməkdədir. Xüsusən də, 44 günlük müharibədə əldə edilən qələbədən sonra yaranan durum yeni idarəetmə sisteminə keçidi qaçılmaz edir. Bu günlərdə verdiyi açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev də icra hakimiyyətlərinin ləğvini məsləsinə toxunaraq, müasir dövrün tələblərinə cavab verən addımlar atılmasının vacibliyini qeyd edib.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda icra hakimiyyətlərinin ləğvi qaçılmazdır. Həmsöhbətimizə görə, əvəzində bələdiyyə institutu gücləndirilməli, onların səlahiyyət və məsuliyyəti artırılmalı, habelə birbaşa mer seçkisi keçirilməlidir:
"10 ildən çoxdur ki, icra hakimkiyyətlərin ləğvi məsələsi gündəmə gətirilir. Çox yaxşı ki, artıq dövlət başçısı səviyyəsində də bu məsələyə münasibət bildirildi. Bu fonda dəyişikliklərin anonsu verildi. Təyin olunanlar heç zaman seçilmişlərdən yaxşı işləyə bilməzlər. Dünya təcrübəsi göstərir ki, bu mümkün deyil. Təyin olunmuşlar ancaq öz maraqları çərçivəsində davranmağa üstünlük verir. Seçilmişlər isə növbəti dəfə seçilmək üçün seçicilərin maraqları çərçivəsində davranmağa məhkumdur. Ona görə də Azərbaycanda icra hakimiyyətlərin ləğvi onların seçilmiş yerli özünüidarəetmə orqanları ilə əvəzlənməsilə mümkündür. Bələdiyyə sədri və ya meri bələdiyyə üzvləri seçməməlidir, birbaşa seçki yolu ilə formalaşmalıdırlar”.
Ümumiyyətlə, ekspert düşünür ki, bu istiqamətdə yeni Konstitusiya islahatlarına, referenduma ehtiyac var: "Bu da yetərli deyil. Ölkənin inzibati ərazi bölgüsü, bir çox qanunverici aktların dəyişdirilməsi, bəzi yeniliklərin də olmasına ehtiyac var. Ümumilikdə götürdükdə yeni Konstitusiya islahatlarına, bu sahədə referenduma ehtiyac yaranıb. 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi addımı özündə Konstitusion islahatları da ehtiva edir. Bundan başqa, seçkili mer institutunun yaradılması da reallaşmalıdır. Ümumilikdə, icraedici, qanunverici və məhkəmə hakimiyyətinin gücləndirilməsi, səlahiyyət bölgüsünün yenidən təşkili üçün də Konstitusiya dəyişiklikləri mütləqdir. Parlament proporsional seçki sistemilə formalaşmalı, hökumət parlamentdən çıxmalıdır. Bütün bu məsələlərə kompleks şəklində baxılmalıdır”.
Rüfət Sultan