Macarıstanın aparıcı üzgüçülərindən biri olan Liliana Szilayinin atasının ona təcavüz etməsi ilə bağlı açıqlaması ölkədə gündəm yaradıb.
Qaynarinfo xəbər verir ki, idmançı atasının ona həm emosional, həm də fiziki təzyiq göstərdiyini deyib. 25 yaşlı üzgüçü sosial media hesabında yayımladığı sensasiyalı fotolarla yanaşı bir o qədər də gözlənilməz sətirlərə yer verib.
Dünya Gənclər Olimpiadasında da qızıl medallar qazanmış Liliana atası, eyni zamanda keçmiş üzgüçü və üzgüçülük üzrə məşqçisi olan Zoltan Szilayi haqqında dediyi sözlərlə diqqətləri üzərinə çəkib. Üzgüçü atasının ona həm mənəvi, həm də fiziki təzyiq göstərdiyini bildirib. O, uşaqlıqdan atası tərəfindən döyüldüyünü və cinsi istismara məruz qaldığını bildirib. Hətta intihar etmək istədiyini də deyib. O, atası ilə yollarını ayırmazdan əvvəl, 2015-ci ildə tətil zamanı intihar barədə ciddi düşündüyünü vurğulayıb.
Bu açıqlamalar böyük əks-səda doğursa da, onun sözlərinə atası Zoltan və bacısı Gerdadan cavab gəlib. Zoltan qızının ona qarşı irəli sürdüyü bütün ittihamları qəti şəkildə rədd edib və məhkəməyə müraciət ünvanlayacağını bildirib. Liliananın bacısı Gerda Szilayi də atasını dəstəkləyib. Gerda bacısının yalan danışdığını əsas gətirərək "Əllərini atamdan çək” ifadəsini işlədib. Macarıstan Üzgüçülük Federasiyası, rəsmi internet saytı vasitəsilə Liliananın iddiaları ilə bağlı araşdırma başladıldığını açıqladı.
Liliana 2016-cı ildə Londonda keçirilən Avropa çempionatında mübarizə aparıb və 200 metr məsafəyə batterflay üsulu ilə üzməkdə gümüş mükafatçı olub.