Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi "X" hesabında paylaşım edilib.
"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian müharibə zamanı Azərbaycanın müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dərəcədə kömək etdiyini bəyan edib.
"Azərbaycan bütün yolları bağladı və bizim bankımızın fəaliyyətini dayandırdı. Biz onlara zəng edib danışdıq. İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar - hər şey yenidən açıldı. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər. İstər Rusiyaya tədarüklər, istərsə də öz tədarükləri olsun; onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər şeydə bizə kömək edirdilər", - M.Pezeşkian vurğulayıb.
Şərhlər