
Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu ünvanlayıb.
Dövlət başçısının təbrik məktubunda deyilir: "Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".
Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidenti Mişel Baçeleti təbrik edib.
Dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli xanım Baçelet,
Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Çili münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, dost Çili xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Qaynar.info