
Bakı İstintaq Təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə yaxınları ilə görüşüb.
İyunun 12-də İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə “Media forum” saytına açıqlamasında deyib: “Görüşə mən, qardaşım, həyat yoldaşım və qızım birlikdə getmişdik. Görüş açıq şəraitdə keçdi. İlkinin səhhəti yaxşıdır, saxlanma şəraitindən narazılığı yoxdur. Futbol üzrə dünya çempionatına baxa bilməyəcəyinə görə narazıdır. Bu problemin (Dünya çempionatı həbs yerlərinin qrafikini dəyişə bilərmi?) aradan qalxmasına çalışsaq da, məsələni həll edə bilmədik”.
İlkin Rüstəmzadə 1992-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. İngilis, rus və türk dillərini bilir.
İlkin Rüstəmzadə ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qaynar.info