Xəbər lenti

İnfarktdan doğum artımına qədər: Futbolun azarkeşlərə gizli təsiri
phrase_var_qaynar. 08:45 20.07.2026

İnfarktdan doğum artımına qədər: Futbolun azarkeşlərə gizli təsiri

Futbol matçları zamanı yaşanan emosiyalar azarkeşlərin orqanizminə düşünüldüyündən daha güclü təsir göstərə bilər.
 
Qaynarinfo "Popular Science”yə istinadən xəbər verir ki, bu təsirlər təkcə stresslə məhdudlaşmır, həm də ürək-damar sistemi, hormonal balans və hətta davranışlara qədər uzanır.

2014-cü il futbol üzrə dünya çempionatı zamanı baş vermiş hadisələrdən biri həkimləri təəccübləndirib. Həlledici anda qaçırılan penalti Çilidən olan 58 yaşlı azarkeşdə infarkta səbəb olub.

Hadisənin şahidi olan həyat yoldaşında isə "sınıq ürək sindromu” inkişaf edib. Bu vəziyyətdə güclü stress nəticəsində ürəyin bir hissəsi müvəqqəti olaraq normal fəaliyyət göstərə bilmir.

Alim Batler bildirir ki, futbol izləmək heç də passiv fəaliyyət deyil.

"Futbol azarkeşi olmaq passiv məşğuliyyət deyil. Beyin və bədən sanki insan özü yarışda iştirak edirmiş kimi reaksiya verir”, deyə o bildirib.

Onun sözlərinə görə, sadiq azarkeşlərdə "identiklik birləşməsi” adlanan psixoloji hal yaranır və onlar sevdikləri komandanın qələbə və məğlubiyyətlərini şəxsi uğur və ya uğursuzluq kimi yaşayırlar.
 


Stress hormonu hələ oyun başlamazdan əvvəl artır

2010-cu il dünya çempionatının finalı zamanı İspaniya azarkeşləri üzərində aparılan araşdırma onların qanında stress hormonu olan kortizolun səviyyəsinin adi günlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəldiyini göstərib. Ən yüksək göstəricilər kişilərdə, gənc azarkeşlərdə və komandalarına daha güclü bağlılıq hiss edən şəxslərdə qeydə alınıb.

Maraqlıdır ki, stress oyundan xeyli əvvəl başlayır. Almaniya komandalarından birinin azarkeşlərinin 12 həftə ərzində "ağıllı saat” göstəricilərini izləyən tədqiqatçılar müəyyən ediblər ki, stress səviyyəsi matçın başlamasına təxminən 14 saat qalmış yüksəlməyə başlayır.

Ürək emosiyalara birbaşa reaksiya verir

Stress hormonları ürək döyüntüsünü sürətləndirir və qan təzyiqini artırır. Nəticədə ürəyin oksigenə tələbatı yüksəlir. Eyni zamanda həmin hormonlar ürəyi qidalandıran damarları daraldır və oksigen axını azalır. Bu uyğunsuzluq bəzi hallarda infarkta səbəb ola bilər.

Statistik məlumatlar da bunu təsdiqləyir. 2006-cı il dünya çempionatı zamanı Almaniyada gərgin matç günlərində azarkeşlər arasında ürək-damar problemlərinin yaranma riski iki dəfədən çox artıb.

1998-ci il dünya çempionatı zamanı İngiltərə millisinin Argentinaya məğlub olmasından sonra infarktla bağlı təcili yardım çağırışlarının sayı 25 faiz artıb və bu artım iki gün davam edib. Maraqlıdır ki, digər tibbi müraciətlərdə artım qeydə alınmayıb.

Testosteronun səviyyəsi yüksəlir

2010-cu il dünya çempionatının İspaniya – Niderland finalı zamanı azarkeşlərdə testosteron hormonunun səviyyəsinin artdığı müəyyən edilib. Bu dəyişiklik cinsdən, yaşdan və azarkeşlik səviyyəsindən asılı olmayaraq müşahidə olunub.
 
"Testosteron rəqabət şəraitində yüksələn hormondur. Buna görə də futbol izləyən azarkeşlərdə onun səviyyəsinin artması təəccüblü deyil”, deyə Batler qeyd edib.

Alimlər uzun illərdir müzakirə olunan "böyük turnirlərdən sonra doğum sayının artması” fikrinin müəyyən elmi əsaslara malik ola biləcəyini də bildirirlər. AVRO-2024 zamanı beş Avropa ölkəsindən minə yaxın iştirakçının cinsi davranışı araşdırılıb və milli komandanın qələbəsindən sonra cinsi aktivliyin məğlubiyyət günləri ilə müqayisədə təxminən 27 faiz artdığı müəyyən edilib.

Yuxusuzluğun təsiri

Turnirlər fərqli saat qurşaqlarında keçiriləndə azarkeşlər gecə yayımlarını izləmək üçün yuxudan imtina edirlər və bunun da real nəticələri olur.

2002-ci il dünya çempionatı Asiyada keçirildiyi üçün ABŞ-də oyunlar gecə saatlarında yayımlanırdı. Alman əsilli əhalinin daha çox yaşadığı Amerika şəhərlərində Almaniya millisinin oyun günlərində ölümcül yol-nəqliyyat hadisələrinin sayı 35 faiz artıb. Alman mənşəli əhalinin ən sıx yaşadığı bölgələrdə isə bu göstərici 122 faizə çatıb.

Oxşar araşdırma oyunların adi saatlarda yayımlandığı digər turnirlər zamanı aparıldıqda belə artım qeydə alınmayıb. Bu isə əsas səbəbin məhz yuxusuzluq olduğunu göstərir.
 
 "Bu fakt göstərir ki, hətta bir gecə yuxusuz qalmaq belə diqqət və digər idrak funksiyalarını zəiflədə bilər. Gecə saatlarınadək komandasını dəstəkləyən sürücülər bunu nəzərə almalıdırlar”, deyə Batler vurğulayıb.

Futbol yeganə istisna deyil

Alimin sözlərinə görə, oxşar fizioloji reaksiyalar Amerika futbolu, reqbi, xokkey və beysbol azarkeşlərində də müşahidə olunur. Lakin futbolda qolların nadir vurulması hər epizodun emosional yükünü artırır və oyunun nəticəsini daha gözlənilməz edir. Bu da azarkeşlərin yaşadığı emosiyaları daha da gücləndirir.
 
Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->