Xəbər lenti

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya FİFA-ya qarşı birləşir
İdman10:13 21.12.2016

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya FİFA-ya qarşı birləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali İrlandiya Futbol Assosiasiyası FİFA-nın İntizam Komitəsinin 2 gün əvvəl çıxardığı qərardan şikayət edə bilməyəcək.

Qaynarinfo.Az xəbər verir ki, noyabrın 11-də dünya çempionatının seçmə mərhələsinin Şimali İrlandiya - Azərbaycan oyununda (4:0) irland azarkeşlər I Dünya Müharibəsinin başa çatmasının Anma Günü (Remembrance Day) münasibəti ilə lalə şəklini əks etdirən banner açmışdılar. FİFA-nın İntizam Komitəsi isə bunun siyasi xarakterli olduğuna qərar verərək yerli assosiasiyanı 11769 funt (15 min İsveçrə frankı) cərimələyib.

Lakin irlandlar bu qərardan şikayət edə bilməzlər. FİFA qaydaları CAS-a şikayət üçün 15 min frankdan yuxarı sanksiyanı nəzərdə tutur. Bununla belə, bu gün qurum FİFA-ya hansı cavab verə biləcəyi barədə toplantı keçirəcək.

Ancaq digər assosiasiyalar - Şotlandiya ilə oyunda futbolçuları üzərində lalə olan qara sarğı taxmış İngiltərə (35308 funt) və Şotlandiya (15692 funt), Serbiya ilə matçda eyni addım atıldığı üçün Uels assosiasiyası (15692 funt) yuxarı instansiyaya şikayət etmə haqqına malikdir. Ümumiyyətlə, Böyük Britaniya və Şimali İrlandiya Krallığı daxilində fəaliyyət göstərən bu 4 qurumun FİFA-ya qarşı birləşib qərarını dəyişdirməyə yönəlik addım atacağı gözlənilir.

Qeyd edək ki, FİFA həmçinin İrlandiya Futbol Assosiasiyasını da cəzalandırıb. Onlar bu ilin əvvəlində İsveçrə ilə yoldaşlıq oyununda "Easter Rising"in (1916-cı ilin aprelin 24-29-u tarixlərində İrlandiyada ingilislərə qarşı üsyan) 100 illiyini əks etdirən yazını formalarında əks etdirdikləri üçün 5 min frank (3930 funt) cərimələnib.

Qaynarinfo.Az