İngiltərənin Premyer Liqa klublarından "Nyukasl" almaq üçün 300 milyon funt-sterlinq təklif edən Səudiyyə Ərəbistanı şahzadəsu Məhəmməd ibn Salmana ABŞ-dan rəqib çıxıb.
Qaynarinfo İngiltərə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da televiziya sahibi olan Henri Mauriss klub sahibi Mayk Eşlinə "Nyukasl" üçün 350 milyon funt-sterlinq təklif edib.
Amerikadakı ən böyük televiziya sahiblərindən biri kimi göstərilən Henri Maurisin təxminən bir ildir "Nyukasl"la bağlı danışıqlar apardığı məlum olsa da, şahzadə Salmanın məbləği qaldırması vəziyyəti dəyişmişdi.
"Nyukasl"ın sahibi Mayk Eşli və şahzadə Salmanın danışıqları ciddi mərhələyə yaxın olduğu üçün Henri Maurissin şansı çox zəif qiymətləndirilir, bununla belə 50 milyon funt-sterlinqlik fərq gedişatı dəyişə bilər.
"Nyukasl"ı əldə etmək üçün danışıqları davam etdirən şahzadə Salmanın bu şəkildə İngiltərə bazarına girməsinə qarşı reaksiyalar isə bitmək bilmir.
Premyer Liqanın beynəlxalq yayım hüquqlarına sahib olan Qətərin "beIN SPORTS” şirkətinin direktoru Yusif Əl-Obaidli məktub göndərərək klubların bu satışa icazə verməməsini istəyib. Yusif Əl-Obaidli məktubunda dünyanın ən böyük pirat yayım platformasının Səudiyyə Ərəbistanına aid olduğunu bildirib və şahzadə Salmana bu satışla bağlı razılıq veriləcəyi təqdirdə Premyer Liqa markasının çox zərər görəcəyini deyib.
Nəhayət, İstanbulda öldürülən Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz İngiltərə hökumətinə üz tutaraq şahzadə Salmanın qatil olduğunu bildirib.
Xədicə Çingiz şahzadə Salmanın Səudiyyə Ərəbistanının dünyadakı pozulmuş imicini düzəltmək üçün milyardlarla pul xərcləyəcəyini iddia edərək Premyer Liqa klublarına "Bu pis adamı aranıza almayın” sözləri ilə xəbərdarlıq edib.
Alpər