İş adamı Musa Mirzəyev: "Ölkəmizdə özəl sektorun inkişafı ardıcıl və sistemli xarakter alıb”
Müasir dövrdə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış inkişaf strategiyası iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.
2003-cü ildən respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, xüsusilə də biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırlılmasına imkan yaradıb.
Sənaye istehsalı üzrə ixtisaslaşmış "Təmirmaş” ASC-nin İdarə Heyətinin sədri, tanınmış iş adamı Musa Mirzəyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət Azərbaycanda azad sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ açıb: "2003-cü ildən etibarən ölkənin inkişafında yeni mərhələnin başlanğıcı qoyulub, gələcək tərəqqi üçün möhkəm təməl yaradılıb. Dövlətimizin başçısının mütərəqqi yanaşması və uzaqgörən siyasəti nəticəsində innovativ əsaslı iqtisadiyyatın inkişafı təmin edilib. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı stimullaşdırılıb, milli istehsala və ixraca yönələn səmərəli siyasətin yürüdülməsinə nail olunub. Müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq reallaşdırılan islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, regionların tarazlı inkişafına, ümumən isə ölkənin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfələrini verib. Dövlət-sahibkar münasibətlərinin, qeyri-neft sektorunun inkişafı, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim xüsusi diqqətdə saxlanılıb. Həyata keçirilən müdrik siyasət nəticəsində sahibkarlıq sektoru iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib”.
Musa Mirzəyevin fikrincə, Prezident İlham Əliyevin biznes sektoruna münasibəti müasir yanaşmalara əsaslandığı üçün 2003-cü ildən dövlət-sahibkar münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyulub. İş adamı qeyd edir ki, bu mərhələdən respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaradıb.2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan mövcud uğurlarının qorunub saxlanılmasası üçün daxili potensialını məqsədyönlü şəkildə səfərbər edərək inkişaf perspektivlərini düzgün müəyyənləşdirməyə çalışır: "Dövlətimizin başçısı cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə başlıca hədəflər kimi müəyyənləşdirib. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Konsepsiyada qeyri-neft sektorunun - turizmin, aqrar sahənin və İKT-nin inkişafı strateji istiqamətlər kimi müəyyən edilib. Sənəddə bu məqsədlərin reallaşdırılması baxımından regional inkişaf tədbirlərinin də əhəmiyyəti xüsusi diqqətə çəkilir. Konsepsiyaya əsasən, 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılması nəzərdə tutulub.”
Regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan tədbirlərdən söz açan iş adamı Musa Mirzəyev bunun sahibkarlığın inkişafı baxımından müstəsna əhəmiyyətini də diqqətə çəkdi. Onun fikrincə, dövlətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritet istiqamətə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək, cəmiyyətin davamlı inkişafı üçün etibarlı zəmin hazırlamaq məqsədindən irəli gəlir. Musa Mirzəyev vurğulayır ki, tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən islahatlar hökumətin diqqət mərkəzindədir: "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş konfrans bölgələrin inkişafı yolu ilə qeyri-neft sekorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artırılmasının iqtisadi siyasətin ana xətti olaraq qaldığını təsdiqləyib. Konfransın yekunları deməyə əsas verir ki, Prezident İlham Əliyev son 10 ildə sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin, – potensial və imkanlar nəzərə alınmaqla, – proporsional inkişafını vacib sayır. Sözügedən dövlət proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açıb. Ötən 11 ildə milli sahibkarlar sinfinin formalaşmasına xidmət edən məqsədyönlü siyasət iqtisadi inkişaf prosesinə mühüm təsir göstərib, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin daha da sürətlənməsinə təkan verib”.
"Təmirmaş” ASC-nin rəhbəri bildirir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Musa müəllimin qənaətincə, dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır. Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşıb.”
Müsahibimiz onu da qeyd etdi ki, ötən illərdə istehsal sahibkarlığının inkişafına göstərilən maddi-texniki, metodiki və konsultativ dəstək nəticə etibarı ilə rəqabətədavamlı məhsul istehsalında əsaslı dönüşə imkan yaradıb. İnfrastrukturun müasirləşdirilməsi, iş adamlarına istehsal yönümlü müəssisələrin açılması üçün güzəştli kreditlərin verilməsi, investisiyaların cəlbinə mane olan bürokratik amillərin aradan qaldırılması, o cümlədən elektron xidmətlərin həcminin genişləndirilməsi tədbirləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaradıb. Regionlarda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açılmasında, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasında iri sahibkarlıq subyektləri ilə yanaşı, kiçik və orta sahibkarların da xüsusi rolunu qeyd etmək lazımdır. Həyata keçirilən islahatlar nəticəsində ÜDM-də özəl sektorun payı 2014-cü ildə 85 faizə, sənaye istehsalında 92 faizə, tikintidə 70 faizə, kənd təsərrüfatı istehsalında 99,8 faizə, nəqliyyat xidmətlərində 80 faizə, məşğul əhalinin sayında 75 faizə çatıb”.
Musa Mirzəyev hesab edir ki, Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafında mühüm rol oynamaqla, biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini təmin edib: "Dövlət sahibkarların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə son illərdə yoxlamaları əsaslı şəkildə təkmilləşdirib. Dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qanun sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, habelə sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri əks etdirir.
2014-cü il martın 1-dən qüvvəyə minən qanuna əsasən, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama tədbirlərinin növləri - araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarət tədbirləri, xronometrajlar, reydlər, baxışlar və s. müəyyən edilib. Bu siyasətin mühüm tərkib hissəsi kimi sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi dövlət orqanlarının biznesə müdaxiləsinin qarşısının alınmasına səbəb olub, şəffaflıq yüksəlib”.
İş adamı neftin qiymətlərinin aşağı düşdüyü bir şəraitdə dövlərin makroiqtisadi dayanıqlığın təmini ilə sahibkarlığın dəstəklənməsi istiqamətində atdığı addımları da yüksək dəyərləndirir. Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin antiböhran paketi mahiyyətcə sahibkarların da üzləşdiyi müəyyən problemlərinə həllinə yaxşı imkanlar açır: "Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin 3 dəfəyədək aşağı düşdüyü bir şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısının perspektiv üçün başlıca hədəfləri iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, onların mülkiyyət və digər konstitusion hüquqlarının qorunmasıdır. Eyni zamanda, ölkədəki investisiya mühitinin sağlamlaşdırılması, əsassız yoxlamalara, inhisarçılıq meyillərinə qarşı mübarizənin gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, habelə saşibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində addımlar atılır”.
İş adamı Musa Musayev söhbət zamanı onu da bildirdi ki, son illər imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını göstərir: «Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb, onların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb.
Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanuna əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2015-ci il noyabrın 1-dən iki il müddətində dayandırılıb. Bu fərman xüsusən də kiçik və orta sahibkarların mənafelərinin qorunması, onların fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması baxımından vacib əhəmiyyətə malikdir.”
İş adamı Musa Mirzəyev hesab edir ki, yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq günün tələbidir. O bildirir ki, dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir: "Bu mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri məhz ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır. Şübhəsiz, belə bir hökumətin formalaşdırılması istər ictimai münasibətlər sisteminin normal məcrada tənzimlənməsi, vətəndaşların hökumətə etimadının daha da artırılması, istərsə də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəlddilməsi baxımından son dərəcə aktualdır.”
Musa Mirzəyev sahibkarlığın inkişafı baxımından şəffaflıq və hesabatlığın təmina xidmət edən layihələrin əhəmiyyətini də xüsusi vurğuladı: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətəndaş üçün çalışan, onun mənafeyini daim uca tutan idarəçilik modeli formalaşdırmaq niyyəti ilkin olaraq «ASAN xidmət»in yaradılması ilə öz həllini tapıb. Korrupsiyaya və neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış «ASAN xidmət» mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilib. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olub. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə "ASAN xidmət" dünyada yeni və unikal model kimi layiqli qiymət alır.”
"Təmirmaş”ASC-nin İdarə Heyətinin sədri hesab edir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində müasir iqtisadi yanaşmaların tətbiqi dünyanın ən nüfuzlu iqtisadi institutlarının mötəbər hesabatlarında respublikamızın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub: "Doing Business - 2015” hesabatında Azərbaycanın adı ən çox islahat həyata keçirən ilk 10 ölkə sırasında yer alıb. Ölkəmiz hesabatda 3 indeks üzrə - biznesə başlama, vergilərin ödənişi və əmlakın qeydiyyatı sahələri üzrə ən yaxşı dövlətlərdən biri kimi qiymətləndirilib.
Musa Mirzəyev sonda onu da bildirdi ki, sahibkarlar dövlətimizin yaratdığı əlverişli imkanları yüksək dəyərləndirir, azad və rəqabətqabiliyyətli biznes mühitində daha fəal olmağa çalışırlar: "Cənab İlham Əliyevin sahibkarlarla görüşlərində bəyan etdiyi kimi, bu əlverişli şəraitdən iş adamları daha çox faydalanmalı, üzərilərinə düşən məsuliyyəti dərk edərək fəaliyyətlərini genişləndirməlidirlər. Bölgələrdə yeni iş yerlərinin yaradılması, insanların məşğulluğunun artırılması, rəqabət qabiliyyətli məhsulların istehsalı və ixracının genişləndirilməsi üçün hər bir sahibkar indi daha çox çalışmalıdır. Unutmamalıyıq ki, güclü sahibkarları olan dövlətin iqtisadiyyatı da güclü olur”.
Vüqar
Qaynarinfo.Az