Son zamanlar ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və xammal iqtisadiyyatından innovativ iqtisadi sistemə keçid kimi məsələlər hər zamankından daha da aktuallaşmışdır. Bu yanaşmanın dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət gəlirlərinin azalması ilə daha geniş yayılmasına baxmayaraq, ümumiyyətlə, digər neftlə zəngin bir sıra şərq ölkələrindən fərqli olaraq Azərbaycanda hələ neftin qiymətinin yüksək olduğu zamanlarda da həm hökumət tərəfindən, həm də elmi-ictimai tədbirlərdə neft sektorundan əldə olunan resurslar hesabına qeyri-neft sektorunun inkişafı kimi məsələlər diqqət mərkəzində olmuşdur.
Lakin, əvvəldə qeyd etdiyimizi kimi dünyada qara qızılın qiymətinin aşağı düşməsi nəticəsində ölkəyə daha az maliyyə resurslarının daxil olması qeyri-neft sektorunun inkişafı məsələsinə hər zamankından daha prinsipal yanaşmanı şərtləndirmişdir. Nəticədə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmış, investisiya fəaliyyətinin təşviqi, sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra işlər görülmüş, yeni tələblərə dövlət sturukturları formalaşdırılmışdır.
İnnovativ iqtisadiyyatada keçid prosesi kimi konsepsiyanın irəli sürülməsi təbii olaraq iqtisadiyyatın dövlət tənzimlənməsi alətlərinin yeni sistemə uyğunlaşdırımasını tələb edir. Azərbaycan respublikasında iqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi vergi sisteminin mühüm əhəmiyyəti vardır. Çünki, vergi bir tərəfdən dövlətin mövcudluğu üçün tələb olunan bütün xərcləri təmin etməklə yanaşı, digər tərəfdən biznes fəaliyyətinin təşviq edilməsi, əlverişli investisiya mühitinin yaradılması funksiyaların da icra edir. Bu baxımdan, innovativ iqtisadiyyata keçid prosesində vergi sisteminin missiyasının araşdırılması önəmli məsələrdəndir.
Müstəqillik illərindən başlayaraq vergi xidmətində çoxşaxəli islahatlar və 2000-ci ildən başlayaraq vergi orqanlarının strukturunun yenidən qurulması ilə vergi sisteminin təkmilləşdirilməsi, onun vahid hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyatda investisiya qoyuluşunun stimullaşdırılmasına, kiçik və orta sahibkarlıq üçün əlverişli şəraitin yaradılmasına yönəldilən vergi siyasə tinin həyata keçirilməsi, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində mühüm məqsədyönlü işlər görülmüşdür. Nəticədə vergi orqanları və vergi ödəyicilərinin bir-biri ilə yazışması nəzərdə tutan elektron-poçt, elektron vergi hesabatlarının tərtib edilməsi və göndərilməsi, elektron vergi hesab fakturaların (E-VHF) tərtib edilməsi və göndərilməsi, kameral vergi yoxlamalarının elektron qaydada keçirilməsi, obyektlərin elektron qeydiyyata qoyulması kimi vətəndaş-məmur münasibətlərini minimuma endirən çoxsaylı xidmətlər ibarət tutan modern sistem yaradılmışdır. Elekton xidmətlər biznesə başlama prosedurlarının sadələşdirilməsinə səbəb olmuşdur ki, fiziki bir pəncərə sistemi ilə, hüquqi şəxslər isə adi və ya sürətli qeydiyyat proseduru vasitəsilə bir neçə gün ərzində elektron qaydada qeydiyyatdan keçərək və biznesə başlamaq imkanı əldə etmişdir.
Bu illər ərzində müasir elektron vergi xidmətlərin formalaşması ilə yanaşı həmçinin vergi yükündə də əsaslı azalma olmuşdur. Belə ki, mənfəət vergisinin dərəcəsi 35%-dan 20%-ə, əlavə dəyər vergisi (ƏDV) 28%-dan 18%-ə, fiziki şəxslərin gəlir vergisinin aşağı faizlə vergi cəlb olunana həddi 2500 manatadək yüksəlmişdir. Kiçik biznes subyektləri üçün daha sadə vergi sistemi təklif edilmiş (sadələşdirilmiş vergi) və 2016-cı ildən başlayaraq sadələşdirilmiş verginin tətbiq sərhədləri genişləndirilərək kommersiya və ictimai iaşə müəssisələrinə dövriyyənin həcmindən asılı olmayaraq sadələşmiş vergi ödəyicisi olmaq hüququ verilmişdir.
Eyni zamanda, vergi qanunvericiliyində vergi ödəyicilərinin axtarış-tədqiqat işlərini, investisiya və innovativ fəaliyyətlərini stimullaşdırmaq üçün bir sıra qanunvericilik alətləri formalaşdırılmışdır. Belə ki, mövcud vergi qanunvericiliyinə görə vergi ödəyiciləri tərəfindən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərcləri birbaşa gəlirdən çıxmaq hüququ verilmişdir. Həmçinin, əsas vəsaitlər üçün gəlirdən çıxılmağa imkan verilən amortizasiya normalarının yuxarı həddi kifayət qədər yüksəkdir. Bundan başqa müəssələr illik yekunda zərərlə işlədiyi tədqirdə həmin zərəri sonrakı beş ilin, fiziki şəxslər isə üç ilin mənfəəti hesabına kompensasiya etmək hüququ verilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatı əksər vergilərdən, rezidenti isə 7 yeddi il müddətində azad olunmuşdur. 2016-cı ildən başlayaraq vergi məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilərək əmanət və investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faizlər 3 il müddətə vergidən azad olunuş, investisiya təşviq sənədini almış müəssisə və fərdi sahibkarlara 7 il müddətində əksər vergilər üzrə güzəştlər verilmiş, kənd təsərrüfatının müxtəlif sahələrində idxal olunan bir sıra məhsullar ƏDV-dən azad olunmuşdur.
Biznes subyektlərinə göstərilən elektron və məsafədən xidmətlər sahəsində vergi orqanlarının geniş təcübəsi formalaşmışdır. 195 telefon məlumat xidməti, rəsmi internet səhifəsindəki sual-cavab bölməsi, həmçinin AVİS vasitəsilə vergi ödəyiciləri ilə yazışmalar vətəndaşların, eləcə sahibkarlıq subyektlərinin sorğuları operativ şəkildə cavablandırmaqdadır.
Bütün bunlara əsasən tam əminliklə söyləmək olar ki, artıq ölkədə mütərəqqi və müasir vergi sistemi formalaşmışdır. Lakin, dünya iqtisadiyyatında baş verən dəyişikliklər, ölkə iqtisadiyyatının yeni keyfiyyət dəyişikliyi mərhələsinə köklənməsi vergi sistemin də qarşısına yeni hədəflər qoymaqdadır. Bundan sonrakı mərhələdə vergi sistemi daha aktiv fazaya keçməli, investisiya qoyuluşunu, xüsusilə innovasiya sahibkarlığını stimullaşdırmaq üçün yeni alətlərə sahib olmalı, hökumət-biznes elektron əlaqəsini daha da təkmilləşdirməlidir.
Aktiv vergi siyasətinə keçid vergi sisteminin fiskal tarazlığını pozmadan onun stimullaşdırıcı rolunun artırılmasını nəzərdə tutur ki, bu da ölkə iqtisadiyyatının qarşısına qoyduğu yeni inkişaf mərhələsinə uyğun olaraq “xammal iqtisadiyyatı”ndan qeyri-neft sektoruna keçidi, elmtutumlu və innovativ sahələrin inkişafını daha çox dəstəkləməlidir. Aktiv vergi siyasəti sadəcə vergilərin sayının, dərəcələrini azaldılması və bu yolla təsərrüfat subyektlərinin sərəncamında qalan maliyyə vəsaitlərinin artırılmasını yox, həmçinin həmin sərəncamda qalan vəsaitin əlavə investisiya qoyuluşu şəklində təkrar istehsalın genişləndirilməsinə, xüsusilə daha mütərəqqi texnologiyaların tətbiqini təmin edən vergi siyasətidir. Yəni, aktiv vergi siyasətində vergi büdcənin əsas maliyyə mənbəyi olmaqla yanaşı sahibkarlıq mühitinin də inkişafının mühüm hərəkətverici alətinə çevrilir. Aktiv vergi siyasəti vergi yükünün azadılması hesabına biznes subyektlərinin əldə etdiyi vəsaitin yenidən iqtisadiyyata qoyulmasını təmin etməlidir.
İqtisadi inkişafın yeni mərhələsində cəmiyyətdə ümumi vergi mədəniyyətinin artırılması zəruridir. Vergi mədəniyyətinin artırılması vergiyə ümumi yanaşma tərzinin dəyişdirilməsi ilə vergi öhdəliklərinin məcburi əməl edilməsindən könüllü əməl edilməsinə keçidi təmin etməlidir.
Yəni, cəmiyyətin hər bir üzvü bilməlidir ki, bugünkü ödədiyi vergi onun və gələcək nəsillərinin təminat vasitəsi və sığortasıdır. Digər tərəfdən, cəmiyyətdə vergi mədəniyyəti o tərzdə formalaşdırılmalıdır ki, vergini vaxtında və tam ödəmək biznes subyektləri üçün imic rolunu oynasın. Vergi müasir dünyada yeni formalaşmaqda olan sosial-yönümlü marketinq konsepsiyasının alətinə çevrilməlidir. Sosial yönümlü marketinq konsepsiyası, yəni biznes subyektləri artıq ənənəvi reklamçılıq fəaliyyətlərindən fərqli olaraq cəmiyyətin gələcəyinin, ümumi problemlərinin (sağlam vətəndaş cəmiyyətinin formalaşması, ətraf mühitin çirklənməsi və s.) qayğısına qaldıqlarını göstərməyə çalışırlar. Cəmiyyətin hər bir üzvü öz vergi öhdəliklərini daha dolğun yerinə yetirən biznes subyektinə daha çox inanmalı və nəticədə onun xidmət və məhsullarından daha çox yararlanmalıdır.
Məsələn, bir neçə il öncə yazılarımın birində qeyd etdiyimi belə bir fikir var idi. Vergi qanunvericiliyinə əməl etməklə bağlı biznes subyektlərinə müəyyən reytinq dərəcələri verilə bilər və bu reytinq dərəcələrinin yüksək vergi mədəniyyətinə sahib cəmiyyətdə reklam aləti kimi istifadə edilmə imkanı mövcud olacaqdır.
Fikrimizcə, vergi mədəniyyəti uzun müddət vergi sisteminin əsas şüarı olmuş Amerikanın məşhur siyasi xadimi Bencamin Franklinin (1706-1790) vergini ölümlə eyniləşdirən “vergidən və ölümdən yayınmaq olmaz” deyimindən vergiyə yeni yanaşmanı ifadə edən “vergidən, beləliklə imicimizdən imtina edə bilmərik” deyiminə keçməni təmin etməlidir.
Müəssisələrin innovasiya fəaliyyətinin stimullaşdırılmasında istifadə oluna biləcək təcrübələrdən biri vergi güzəştlərinin innovasiya fəaliyyəti bağlı gəlirin əldə edilməsinə gözləmədən xərclərin çəkilməyə başlandığı ilkin dövrdə həmin xərclərə nisbətdə verilməsidir. Çünki, innovasiya layihələri yeniliklərlə bağlı olduğundan qeyri-müəyyənliklər daha çox olur. Bu səbəbdəndir ki, müəssisələrin innovasiya fəaliyyəti adətən riskli sahələr hesab olunur. Riskli, yəni gəlirin əldə edilmə vaxtı və məbləği proqnozlaşdırmaq müəssisənin vərdiş etdiyi (fəaliyyət göstərdiyi) sahələrə nisbətən daha qeyri-müəyyən olur. Bu baxımdan, vergi güzəştlərinin çəkilmiş xərclərə münasibətdə verilməsi biznes subyektlərini tədqiqat və inkişaf fəaliyyətlərinin həyata keçirilməsində daha təşəbüskar edəcəkdir.
Qabaqcıl dünya ölkələrində innovasiya aktivliyini artırmaq üçün strateji əhəmiyyətli hesab olunan sahələr üçün vergi kreditlərindən istifadə edilir. Bir sıra iqtisadçılar tərəfindən vergi kreditləri vergi güzəşt və azadolmalarına nisbətən vergi öhdəliyini birbaşa azaldan alət olduğundan daha təsirli vasitə hesab olunur. Məsələn, Kanada vergi qanunvericiliyində eksperimental xarakterli tədqiqat və inkişaf xərclərinin 25%-i həcmində vergi kreditləri təklif edilir. Həmçinin, innovasiya əsaslı gəlirlərə, məsələn royalti və patentlərə vergi güzəştlərinin verilməsi innovasiya aktivliyi stimullaşdırmaq üçün yararlı ola bilər.
Nəticə olaraq, innovativ iqtisadi sistemə keçid vergi sisteminin qarşısına mühüm və həyati əhəmiyyətli tələblər qoymaqdadır. Yəni, formalaşdığı bu gündən daim yeniləşməyə istiqamətlənmiş vergi sistemi qlobal və yerli tələblərdən dolayı yeni iqtisadi sistemə daha da uyğunlaşmalı və rəqabətqabiliyyətli iqtisadi sitemin formalaşmasına töhfələr verməlidir. Qeyd: Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.
Səftər Vəlizadə AMEA-nın iqtisadiyyat institunun doktorantura tələbəsi