Xəbər lenti

İnsident: Həmin vaxt “Qəbələ”nin oyununda nə baş vermişdi? - Baş məşqçi
İdman13:43 22.04.2022

İnsident: Həmin vaxt “Qəbələ”nin oyununda nə baş vermişdi? - Baş məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarını açıqladı. Onların arasında "Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə bağlı çıxarılan qərar daha çox diqqət çəkdi. Qərara əsasən "Qəbələ” - "Sumqayıt” matçının 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün mütəxəssisə 4-ü şərti olmaqla 5 oyunluq cəza verilib. Üstəlik klub da 4000 manat cərimələnib. Şərti cəzaya isə 3 aylıq sınaq müddəti təyin olunub. 
Təbii ki, Baxşıyevin belə bir addım atacağı inandırıcı deyil. Hər halda mütəxəssisin xarakterini nəzərə alsaq, hansısa təhqirlərə yol verəcəyi gözlənilməzdir. Yenə də futbol emosional oyundur və bəzən insanı özündən çıxara bilir. Bu səbəbdən elə məsələ ilə bağlı suallarımıza onun özündən cavab aldıq. Maraqlıdır, həmin vaxt nə baş vermişdi?
Baxşıyev Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
"Geniş danışmaq istəməzdim. Hər halda qərar artıq verilib. Emosiyamı saxlaya bilməmişəm, amma heç kimi təhqir də etməmişəm. Səmimi deyirəm, sadəcə fikirlərimi köməkçilərimə emosional şəkildə çatdırmışam. Yəqin bunu səhv başa düşüblər. Elə fikirləşiblər ki, hakimləri təhqir etmişəm. Penalti epizodundan irəli gələn bir hal idi. Bu haqda çox danışıldı. Təki bizim düşündüyümüz olmasın. Yəqin ki, Hakimlər Komitəsi baxacaq və düzgün dəyərləndirəcəklər. Cəzanın 4-ü şərtidir. Çalışacağam emosiyalarımı özümdə saxlayım. Futbol emosional idman növü olduğu üçün hər epizodu anlayışla qarşılamaq lazımdır. Təki bunun komandaya təsiri olmasın. Apelyasiya şikayəti deyəndə, qərar veriblərsə, məncə, ehtiyac yoxdur. Ancaq heç kimi təhqir etməmişəm. Təbiətimi hamı bilir. Emosional ola bilərəm, amma kimisə təhqir etmək… Heç vaxt”.
Son vaxtlar "Qəbələ” heç də qələbəyə sevinə bilmir. Bu, komandaya necə təsir edib, qarşıdakı plan nədir? Bu suala da veteran futbolçu cavab verdi: 
"Qəbələ”dəyik, məşqə çıxacağıq bir azdan. Qısa deyim ki, hər şey qaydasındadır. Komandada təşviş yoxdur. Hamı məşqlərə, oyunlara normal yanaşır. Zədəli, cəzalı futbolçularımızın çoxluğu oyunumuza da təsir edir. Əlbəttə, qələbə olanda komandada özünəinam daha da artır. Yenə də inanırıq ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcək, durumu çevirəcək. Ruh düşkünlüyü hiss olunmur, çalışırıq ki, hər şeyə optimist yanaşaq. Sona qədər çalışacağıq, təslim olmaq fikrimiz yoxdur. Növbəti oyuna hazırlığa gəlincə, mikro zədəlilər var. Onların bərpası üçün həkimlər əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Futtbolçuların durumuna sabahkı məşqdən sonra qərar veriləcək”.
Səbuhi Həsənov