Xəbər lenti

İnternet TV-lər niyə bu monotonluqdan qaça bilmir? - Professor
Ölkə10:50 11.09.2020

İnternet TV-lər niyə bu monotonluqdan qaça bilmir? - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Televiziyalar kimi internet kanallarında da eyni şəxslər bu televiziyadan çıxıb o birisinə gedəcəklərsə, bu, artıq düşündürücüdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında televiziya eksperti Qulu Məhərrəmli eyni şəxsin bir neçə internet kanalında bir-birinin ardınca çıxış etməsini şərh edərkən deyib. Ekspert Yutub kanallarının, internet televiziyalarının artmasını müsbət hadisə hesab edir:
"İnternet televiziyaları alternetiv məlumat mənbəyidir, insanlar oradan əlavə şərhlər alırlar. Amma bu internet kanalları da yerüstü televiziyalar kimi məhdud sayda insanları efirə dəvət edəcəksə, eyni şəxslər bu televiziyadan çıxıb, o birisinə gedəcəklərsə, bu, artıq düşündürücüdür. Bunun iki səbəbi var. Birincisi, Yutub kanalları, xüsusən də yeni yaranan kanallar böyük auditoriya toplayır və onlar üçün sosial mediada marketinqin tələbləri baxımından tanınmış şəxslər lazımdır ki, çoxlu abunə toplasınlar. İkincisi, bunlar daha çox müxalif düşünən və müstəqil insanlardır”.
Qulu Məhərrəmli deyir ki, ən başlıcası efirə dəvət alanların danışığında daha çox çərçivələrin pozulması prosesi gedir:
"Bu, məqbul hal deyil, yeni bir xətt yaranır, onu qəbul eləmək olmaz. Əsas ciddi səbəblərdən biri, xüsusən iqtidar tərəflərdən aparıcı partiya olan 700 minlik YAP-ın arasından bu prosesdə fəal iştirak etməyə meyilli adamlar azdır. Onlar ya danışmağa ehtiyat edirlər, ya da o dərəcədə müstəqil deyillər. 
Hesab edirəm ki, bütün xətlər Yutub televiziyalarında görünməlidir. İnternet həm də ondan ötrüdür ki, biz burada müxtəlifliyi təmin edək, fərqli fikirləri eşidək, toqquşmaları görək. Bir adamın fikirləri eynidir. Yutub kanallarında sərbəstlik və müstəqillik var deyə, müxalifətyönlü şəxsləri dəvət edirlər. Amma iqtidar partiyasının üzvləri isə müzakirələrdə az iştirak edir. Məncə, bu barədə düşünmək lazımdır”. 
Qulu Məhərrəmliinin fikrincə, əgər internet kanallarında televiziyalarda olduğu kimi eyni şərhçiləri görəcəyiksə, bunun özündə də bir yarımçılıq var:
"Yoxsa, televiziyalardakı müğənnilər kimi o kanaldan düşüb, bu kanala çıxırlar. Bunların aradan qaldırılması çox vacibdir”.
Bahar Rüstəmli