
Dünən xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasının AZAL ilə oyununda stadionu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Masazırdakı "Əlincə Arena"da baş verən bu hadisəyə görə "Qarabağ"a 400 manat cərimə kəsilib.
Ancaq Qaynarinfo.Az olaraq öyrəndik ki, oyunun keçirildiyi "Əlincə-Arena"da topdaşıyan uşaqlar olub. Bəs onda AFFA nümayəndəsi Sakin Məmmədzadə nəyə əsasən belə bir şeyi öz qeydlərinə daxil edib?!
"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıqda isə belə aydın oldu ki, AFFA İntizam Komitəsində oturanlar başlarını itiriblər və əsas komanda ilə əvəzediciləri qarışdırıblar: "Əslində bu, əsas komandanın oyununda yox, əvəzedici komandanın keçirdiyi görüşdə olub. Sadəcə olaraq səhvən əsas komanda ilə bağlı cərimə kəsilib".
Qeyd edək ki, "Qarabağ" və AZAL-ın əvəzedici komandaları arasında keçirilmiş görüş isə "Əlincə Arena"da yox, Zirə İdman Kompleksində baş tutub.
AFFA nümayəndəsi Sakin Məmmədzadə isə doğrudan da əsas komandaların oyununda belə bir problemin olduğunu bildirib: "Bəli, "Qarabağ" neytral meydançada oynadığı üçün öz azyaşlı futbolçularını stadiona gətirməmişdi. Ancaq sonra "Əlincə" klubunun uşaqları vasitəsilə bu problem aradan qaldırıldı. Açığı, mən buna görə də protokolda bu barədə qeyd aparmağa lüzum görmədim. Lakin həmin oyunun hakim-inspektoru Məlik Həsənov idi. O həm də PFL-də Yarışların Təşkili Departamentinin rəhbəridir. Onun belə bir qeyd etmək səlahiyyəti var. Görünür, stadionda topdaşıyan uşaqların olmaması qeydini o protokola daxil edib".
Qaynarinfo.Az