
AFFA İntizam Komitəsinin bugünkü iclasında bir sıra qərarlar qəbul edilib.
Qaynarinfo.Az daha diqqət çəkən qərarları açıqlayır. Belə ki, Azərbaycan Premyer Liqasının XIII turunun “Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub (maddə 60).
Dünən insidentlə dolu olan “Qarabağ” – “Qəbələ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib və "Qarabağ" ümumilikdə 6400 manat cərimələnib:
“Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub (maddə 62).
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Rişard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub (maddə 38.3).
Matçın video yazısını izlədikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub (maddə 37.1).
“Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.
Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.
Qeyd edək ki, oyunda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.
Qaynarinfo.Az



