“İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq”. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə bildirib. Bir neçə gün əvvəl verilən bu açıqlama ipoteka ilə bağlı müəyyən ümidlər yaradıb.
Bildirilir ki, ölkədə ipoteka kreditləri ilə bağlı yenilik tətbiq ediləcək. Dövlət başçısı qeyd edib ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsaitin ayrılması barədə göstəriş verib: “Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir”. Dövlət başçısı qeyd edib ki, hazırda Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar: “Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq?”.
İ.Əliyev vurğulayıb ki, ipoteka kreditləri ilə bağlı iki yanaşma var: “İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.

Ekspertlər dövlət büdcəsindən ipoteka kreditləşməsinə ayrılan vəsaitin 200 milyon manata çatdırılması ilə bağlı anonsu müsbət qiymətləndirirlər. Ekspert Rəşad Əliyevin sözlərinə görə, bu anonsun bazara təsiri olacaq: “Hazırda mövcud olan dövlət ipoteka proqramı ilə yalnız təkrar bazardan ev əldə etmək olur. Dövlətin nəzarəti altında həyata keçirilən bu proqram sosialyönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir. Uzun müddət aparılan müzakirə predmetlərindən biri də bu cür kreditləşmənin iqtisadi səmərəsinin azlığıdır. Belə ki, kredit vəsaitləri az olduğundan həmişə bazarda ucuz mənzillərin alınmasına yönəlib. Nəticədə bazarda həmin mənzillərə tələbatı artırmaqla qiymətlərin yuxarı həddə qalmasına səbəb olub. İpoteka proqramının ilkin bazara yönəldilməsi tikinti sektorunun artımına səbəb olacaq. Hazırkı dövrdə isə bu sektora dəstək ola bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə sement və armatur istehsalçısından tikinti şirkətinə kimi gedən yoldu. Bu, iş yerləri, vergi ödəmələri və iqtisadi inkişaf deməkdir. Bu, həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Dəfələrlə qeyd etmişik ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20 faizi dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq. Ölkə prezidenti çıxışında tikinti sektorunu canlandırmaq üçün büdcə vəsaitlərinin təkrar bazarla yanaşı ilkin bazara da yönəldilməsinin vacibliyini qeyd edib. Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, dövlət tikinti sektorunun inkişafında maraqlıdır və vəsaitlərin ilkin bazara yönəldilməsini daha məqsədəuyğun hesab edir. Qısa müddətdə bu, tam mümkün deyil, tikinti sektoru hazırlıq vəziyyətinə gətirilməlidir. Odur ki, hələlik təkrar bazarın imkanlarından istifadə edilməsi qaçılmazdır. Ancaq burda uzunmüddətli perspektivdə yeni tikililərə üstünlük veriləcəyi haqda siqnal da var. İndi təklif edilir ki, kreditlər həm təkrar, həm də ilkin bazara yönəldilsin”.
Ekspertin sözlərinə görə, 200 milyon manatın hamısını qısa zamanda təkrar bazara yönəldilməsi ucuz mənzillərin qiymətlərini kəskin bahalaşdıra bilər: “Bu vəsait orta hesabla 5000 mənzilin alınmasını maliyyələşdirmək olar. Belə olan halda, ev almaq istəyənlərin yox məhz ev satmaq istəyənlərin “bayramı” olacaq. Buna görə də ən çətin məsələ təkrar bazara yönəldiləcək vəsaitin həcminin müəyyənləşdirilməsi olacaq. Vəsaitlərin coğrafi bölgüsü düzgün aparılsa, qiymətlərə təsiri minimuma endirmək olar. Bunun üçün ayrılan vəsaitin ən çoxu 50 faizi, -üçdə biri daha məqsədəuyğundur- təkrar bazara yönəldilməlidir və uzun zaman çərçivəsində olmalıdır. Ancaq kredit vəsaitlərinin ayrılması ilə məsələ bitmir. İlkin ödəniş, əmək haqqının səviyyəsi, faiz kimi məsələlər də öz həllini tapmasa kredit vəsaitlərinin yerləşdirilməsində çətinliklər ola bilər”.
R.Əliyev qeyd edib ki, bazarda son zamanlar mövcud durğunluğu çoxları neftin ucuzlaşması ilə əlaqələndirir: “Bəli, neftin qiymətinin düşməsinin təsiri olub, ancaq bu təsir artıq qiymətlərdə çoxdan öz əksini tapıb. Hazırda bazara mənfi təsir edən amil daşınmaz əmlak bazarına yönələ bilən pul vəsaitlərinin həcminin məhdudlaşmasıdır. Məhz bu səbəbdən devalvasiyadan sonra daşınmaz əmlak bazarında qiymət artımı son nəticədə baş tutmadı. Qiymətlər qalxdı, sonra endi. Son günlər Mərkəzi Bank tərəfindən iqtisadiyyatın stimullaşdırılması addımlarının atılması haqda anons verilir. Stimullaşdırma üçünsə pul kütləsinin artımı, müəyyən həddə inflyasiya və ucuz kreditlər tələb olunur. Üstəgəl, dövlət ipoteka kreditləşməsinin və bankların kommersiya ipoteka proqramlarını bərpası mənzil bazarında aktivliyə təsir göstərə bilər. Dollar əmanətləri üzrə faizlərin aşağı düşməsi də daşınmaz əmlakın cəlbediciliyinin artması baxımından bazara müsbət impuls verə bilər. Sadaladığımız amillər reallaşsa qiymətlər ən pis halda sabitləşəcək, normalda isə müəyyən artım nümayiş etdirəcək. “200 milyonluq” anonsun bazarda müvəqqəti spekulyasiyalar yaratmasını istisna etmirik. Daşınmaz əmlak bazarının dövriyyəsi milyardlarla ölçülür və bu bazarın bütün seqmentlərinə təsir edə bilməz. Təsir ancaq ucuz mənzillər seqmentinə ola bilər. Ancaq hər şey kreditlərin yerləşdirilməsi formasından asılı olacaq. Sözsüz ki, vəsaitlər düşünülmüş şəkildə yerləşdirilməsə müvəqqəti tələb ajiotajı yaranacaq və nəticədə daha çox “satıcılar” udacaq”.//Musavat.com
Qaynar.info