
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ipoteka kredit qoyuluşları artıb. Mərkəzi Bankın statistik bülliteninə əsasən, sentyabrın 1-i üçün bu sahəyə qoyulmuş ümumi kreditlərin həcmi 151,7 milyon manat olub.
Belə ki, banklar tərəfindən verilmiş kreditərin həcmi 73,2 milon manat, İpoteka Fondu tərəfindən təkrar maliyyələşdirilmiş ipoteka kreditlərin həcmi 78,5 milyon manat təşkil edib.
Burada diqqət çəkən məqamlardan biri dövlət büdcəsindən İpoteka Fonduna ayrılan 40 milyon manatın yalnız 20 milyonunun istifadə edilməsidir. Halbuki, ötən illərdə artıq iyul ayında büdcədən köçürmələr tam həyata keçirilirdi. Hazırda ehtiyatda qalan 20 milyon manatın ilin sonuna kimi banklara köçürülüb-köçürülməyəcəyi bəlli deyil.
Ekspertlərin fikrincə, Fond tərəfindən təkrar maliyyələşən ipoteka kreditləri 2 dəfəyədək artdığına görə, büdcə vəsaitlərinin istifadəsi müvəqqəti olaraq dayandırılıb. Yəni əvvəlki illərdə verilən kreditlərdən toplanan aylıq ödənişlər və faizlər nəticəsində Fondun öz büdcəsi genişlənib.
Daşınmaz əmlak bazarında kəskin qiymət artımının qarşısını almaq üçün hökumət bu sahədə pul kütləsini tənzimləməyə məcburdur. Bu səbəbdən ipoteka kreditəşməsini genişləndirmək niyyətində olmadığı görünür. Hazırda orta aylıq ipoteka ödənişlərinə gəlincə, bu, 318,7 manat təşkil edir. //bizimyol.info
Qaynar.info