
Elşən Hüseynov: “Çalışırıq, şərtləri bir qədər yumşaldaq ki, hər bir gənc bundan yararlana bilsin”
Ölkədə sosial ipoteka kreditlərindən gənc ailələrlə yanaşı, gənclər də yararlana biləcəklər. Gənclər və İdman Nazirliyindən bildirirlər ki, yeni təşəbbüslə əlaqədar olaraq artıq işlər gedir.
Sosial ipoteka ilə bağlı yeni hazırlanacaq qanun layihəsinə olunan təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan istifadə edə biləcəklər. Lakin gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşibsə, gənclər üçün bu yaş həddi 29 olacaq. Vətəndaşlar isə yeni qərarın qəbul olunmasının gənclərin əsas problemləri olan ev məsələsini həll edə biləcəyini düşünürlər.
Nazirlikdən bildirirlər ki, hazırda sosial ipoteka üçün dövlət tərəfindən ayrılan vəsait bütün ailələrin mənzil problemini əhatə etmir və sosial ipoteka kreditlərinin həcminin artırılması gözlənilir . Təkliflər paketinə ipoteka krediti şərtlərinin yumşaldılması ilə bağlı ciddi dəyişikliklər də əlavə edilib.
Gənclər və İdman Nazirliyinin rəsmisi Elşən Hüseynov deyir ki, ümumiyyətlə təkliflər artıq hazırlanıb və müvafiq dövlət strukturlarına verilib: “Hazırda bu prosesə baxılır. Yəqin ki, ilin sonuna qədər, bəlkə də yaxın bir müddət ərzində bu məsələlər öz həllini tapacaq”.
Nazirlik rəsmisi deyir ki, əvvəlki göstəricilərdə bir qədər məsələlər sərt qoyulmuşdu: “Çalışırıq, şərtləri də bir qədər yumşaldaq ki, hər bir gənc bundan yararlana bilsin”.
Xatırladaq ki, hazırki ipoteka şərtlərinə görə gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə güzəştli ipoteka maksimum 50 000 manat olmaqla 4 faizlə 30 illiyə, adi poteka isə maksimum məbləği 50 000 manat olmaqla 8 faizlə 25 illiyə verilir.
İpoteka Fondundan isə deyirlər ki, hazırda 26 müvəkkil bank üzrə kreditlərin verilişi davam etdirilir və müraciət etmək istəyənlər üçün kifayət qədər vəsait var./ANS TV/