Dünya 16:23 01.05.2023

İran casusluqda ittiham olunan sabiq nazir müavinini edam etdi

Qərb kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, yanvar ayında İran Böyük Britaniyaya nüvə və hərbi proqramları ilə bağlı qiymətli kəşfiyyat məlumatı verən keçmiş yüksək vəzifəli məmur Əlireza Əkbərini edam edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.

Əkbəri uzun müddət ikili həyat sürüb. İctimaiyyət üçün o, dini fanatik və siyasətçi, İnqilab Keşikçiləri Korpusunun yüksək səviyyəli hərbi komandiri və müdafiə nazirinin müavini olub. Sonradan Londona köçərək özəl sektorda çalışıb, lakin İran liderlərinin etimadını heç vaxt itirməyib.   

Rəsmilərin bildirdiyinə görə, o, 2004-cü ildən İranın nüvə sirlərini Britaniya kəşfiyyatı ilə bölüşməyə başlayıb. Mənbələr bildirirlər ki, onun bu yöndə fəaliyyəti 2019-cu ilə qədər - Rusiya kəşfiyyatçılarının köməyi ilə Əkbərinin Tehran yaxınlığındakı dağlarda İranın gizli nüvə silahı proqramının mövcudluğunu müəyyən etdiyini aşkar edənə qədər uğurlu olub. 

Böyük Britaniya heç vaxt 2012-ci ildən Britaniya vətəndaşı olan Əkbərinin onun casusu olduğunu açıq şəkildə etiraf etməyib. 

"Kəşfiyyatla bağlı məsələlərə münasibət bildirməmək bizim çoxdankı siyasətimizdir”, deyə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayındəsi Uilyam Arçer bildirib. 

Videolarda Əkbəri 2004-cü ildə ona və ailəsinə Böyük Britaniyaya viza vəd edilərək casusluğa cəlb edildiyini deyir. Onun sözlərinə görə, növbəti il, o, Britaniyaya gedib və MI6-dan olan kuratoru ilə görüşüb. Bir neçə il ərzində o, kuratorları ilə görüşləri maskalamaq üçün Avstriya, İspaniya və Böyük Britaniyada saxta şirkətlər qurub. İranın iddialarına görə, MI6 Əkbəriyə təxminən 2 milyon funt-sterlinq ödəyib.

Nizami Bağırov