Xəbər lenti

İranla Azərbaycan arasında fikir ayrılıqları bitdi? (ŞƏRH)
Siyasət 12:30 10.12.2025

İranla Azərbaycan arasında fikir ayrılıqları bitdi? (ŞƏRH)

"Azərbaycan və İran arasında münasibətlər, istər-istəməz, coğrafi reallıqlar və regional iqtisadi zərurətin diktə etdiyi bir çərçivədə formalaşır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Bakı ilə Tehran arasında iqtisadi əməkdaşlığın genişlənməsi imkanlarından danışarkən  deyib.

Azər Hüseynovun fikricə, Azərbaycanın Cənubi Qafqazın şimal qapısında, İranın isə Yaxın Şərqə və Cənubi Asiyaya açılan strateji körpü mövqeyində yerləşməsi tərəflər arasında mal və xidmətlərin mübadiləsini obyektiv şəkildə vacib edir: 

"İki ölkə uzun sərhədi bölüşür, eyni zamanda Şimal-Cənub nəqliyyat xəttinin iki əsas həlqəsi kimi çıxış edir. Bu baxımdan, Azərbaycan-İran arasında iqtisadi əlaqələrin mövcudluğu, regional ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq təbiətən dərinləşməyə meyllidir".
 


Bununla belə, ekspert vurğulayır ki, iki ölkə arasında zaman-zaman yaranan siyasi gərginlik də reallığın bir hissəsidir: 

"Bu gərginliklər, əsasən, regional güc balansı, geosiyasi maraqların toqquşması, ideoloji fərqliliklər və beynəlxalq mühitin diktə etdiyi faktorlarla bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, bu tip siyasi problem və fikir ayrılıqları yalnız Azərbaycan və İrana xas deyil. Demək olar ki, bütün qonşu ölkələr arasında  müxtəlif siyasi motivlərdən irəli gələn oxşar anlaşılmazlıqlar mövcuddur".

Həmsöhbətimiz düşünür ki, burada önəmli məsələ Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasətdir: 

"Müstəqillik dövründən bəri formalaşan bu konsepsiya ölkəyə eyni anda bir neçə istiqamətdə dinamik, lakin nəzarətli diplomatik xətt yürütməyə imkan verir. Azərbaycanın xarici siyasətinin əsas komponentlərindən biri olan regional güclərlə praqmatik əməkdaşlıq, Tehranla münasibətlərin də davamlılığını təmin edən mühüm faktordur".

Konfliktoloq bildirir ki, gələcək perspektivdə də Azərbaycan üçün İranla münasibətlərin rasionallıq çərçivəsində davam etməsi və iqtisadi əməkdaşlığın genişlənməsi tamamilə real görünür. 

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfərinin yekunları ilə bağlı mətbuata açıqlamasında İranla Azərbaycanın nəqliyyat, maliyyə, energetika, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirə biləcəyini vurğulayıb:

"İran və Azərbaycan nəqliyyat,  energetika, ticarət, turizm, bank əməkdaşlığı, sərhədyanı sahələrdə, eləcə də təhlükəsizlik sahəsində terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı kimi yaranan təhdid və çağırışlara qarşı mübarizə üzrə fəaliyyətlərin koordinasiyası məsələlərində yaxşı tərəfdaş ola bilərlər". 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->