Xəbər lenti

Siyasət 19:56 26.12.2023

İrəvan Bakının bu dəfəki təklifinə nə cavab verəcək?  (ŞƏRH)

"İrəvanın iradəsi çatacaqsa, kənar qüvvələrin drijor çubuğu ilə hərəkət etməyəcəksə, Azərbaycanın beynəlxalq hüquqa söykənən təkliflər paketini qəbul edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İrəvanın sülh müqaviləsilə bağlı Azərbaycandan daha bir təklif paketi alması fonunda prosesin necə cərəyan edəcəyini şərh edərkən deyib.

Üzeyir Şəfiyev qeyd edib ki, çərçivə sülh müqaviləsi bağlansa, delimitasiya və demarkasiya prosesi uzun çəkən proses olduğundan bu məsələ sülh müqaviləsinə salına bilməz:

"Çünki bu məsələ mübahisələndirilən bəzi məsələlərə görə müəyyən vaxt istəyir. Sadəcə, sülh müqaviləsində delimitasiya və demarkasiya prosesi və onun hansı şərtlər və hansı xəritələr əsasında aparılması qeyd oluna bilər. Bakı sülh müqaviləsinin 5 baza prinsipi əsasında bağlanmasını istəyir. Burada da bəzi məsələlər var ki, onun detalları üzərində müəyyən fikir ayrılıqları var. Bu da Zəngəzur dəhlizi ilə bağlı məsələ ilə əlaqədardır. Azərbaycan ölkənin Qərb rayonları ilə Naxçıvanı birləşdirən əraziyə gediş-gəlişin heç bir gömrük yoxlamaları və rüsumlar tələb etmədən həyata keçirilməsinin tərəfdarıdır. Ermənistanın mövqeyi isə başqadır. Digər məsələ anklavlarla bağlıdır. Anklavlar qeyri-şərtsiz olaraq Azərbaycana qaytarılmalıdır”. 

Ekspert bildirib ki, Ermənistan Bakının bundan əvvəlki təkliflər paketinə ancaq 70 gündən sonra cavab vermişdi:

”Azərbaycan isə Ermənistanın təkliflər paketinə qısa zamanda cavab verərək, növbəti sülh paketini təklif edir. İrəvanın iradəsi çatacaqsa, kənar qüvvələrin  drijor çubuğu ilə hərəkət etməyəcəksə, Azərbaycanın beynəlxalq hüquqa söykənən  təkliflərini qəbul edəcək. Çünki Bakının təkliflər  paketi təkcə özünün deyil, Ermənistan daxil regionun inkişafına əsaslanan təkliflərdir. Bu  təkliflər paketi konflikt münasibətlərinin iqtisadi əməkdaşlıq münasibətlərinə çevrilməsinə xidmət edən bir paketdir”. 

Qeyd edək ki, "Sputnik Armenia"nın məlumatına görə, İrəvan sülh müqaviləsi ilə bağlı Bakıdan daha bir təklif paketi alıb. Xatırladaq ki, bunu daha öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  açıqlayıb. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini aldıqdan sonra, bir ay  ərzində növbəti təkliflər paketini Ermənistana təqdim edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?