Xəbər lenti

Siyasət 13:47 28.02.2024

"İrəvan bizə şərt irəli sürə bilməz" - Ekspert

"İrəvanın irəli sürdüyü bu təkliflər sülh müqaviləsini imzalamaqdan yayınmaq məqsədi daşıyır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycanla sülh müqaviləsi imzalanana qədər silahlara birgə nəzarət mexanizminin tətbiqi və hücum etməmək haqqında pakt imzalamaqla bağlı təklifini şərh edərkən deyib.

Politoloq bildirib ki, İrəvanın bu təklifi real deyil:

"Onların belə təklifləri ortaya atmaqda əsas məqsədləri sülh müqaviləsini ləngitməkdən ibarətdir. İrəvan onsuz da sülh müqaviləsini imzalamamaq üçün müxtəlif bəhanələr uydurur ki, bu da onlardan biridir. Ermənistan XİN rəhbərinin açıqlaması ondan xəbər verir ki, İrəvan sülh müqaviləsinin imzalanmasını istəmir".
 


İlqar Vəlizadənin sözlərinə görə, hücum etməmək haqqında pakt imzalanacağı təqdirdə belə Ermənistanın ona əməl edəcəyinə zərrə qədər də olsa etibar yoxdur:

"Azərbaycan özünün hərbi texniki kompleksinin yaranması və silah-sursat alınması ilə bağlı işləri təkcə ermənilərlə bağlı olaraq etmir. Digər təhlükə və təhdidlərlə də üzləşirik. Ermənistan kimdir ki, ölkəmizə nəyi alıb, almayacağımızı diktə etsin. Ona görə də Mirzoyanın səsləndirdiyi fikir tamamilə absurddur. Onu müzakirə etməyə,  ciddi fikir verməyinə də dəyməz".
 
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərksilah üzrə Konfransda çıxışı zamanı ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalanana qədər silahlara birgə nəzarət mexanizminin işə salınması və hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini deyib. Bu barədə  Ermənistan XİN-i məlumat verib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->