Xəbər lenti

Siyasət 14:22 11.12.2025

"İrəvan bu görüşü təşkil etməyə hazır deyil, Bakı isə..." - Ekspert

"Buna Bakının daha çox haqqı var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev "3+3 formatı”nın növbəti görüş yeri ilə bağlı Bakı ilə İrəvan arasında olan fikir ayrılığını şərh edərkən deyib. 

Həmsöhbətimiz "3+3 formatı”nın əslində Azərbaycan Prezidenti tərəfindən irəli sürüldüyünü bildirib:

"Bu formatda bəyan olunur ki, region problemlərilə daha çox bölgə ölkələri məşğul olmalıdır. Regionda mövcud olan problemlərin həlli bütün hallarda bölgə üçün məsuliyyət daşıyan dövlətlərin maraqlarının uyğunlaşdırılması və birgə səylə mümkün ola bilər. Amma "3+3 formatı”nın reallaşması üçün bəzi ciddi və prinsipial məsələlər var. Gürcüstan Rusiyanın ərazi bütövlüyünə qəsd etməsi səbəbindən hələlik formatda iştirak etmir”. 
 


Mövcud situasiyada ekspertə görə, formatın növbəti görüşünün Azərbaycanda keçirilməsi daha məqsədəuyğundur:
 
"Bakının buna daha çox haqqı var. Çünki təşəbbüs Azərbaycandan gəlib. Sabitlik nöqteyi-nəzərindən də Azərbaycan daha adekvat ölkədir. Psixoloji iqlim Azərbaycanda daha sabitdir. Bakı həmçinin, bir sıra regional və beynəlxalq təşəbbüslərə ev sahibliyi edib. Bu məsələdə format tərəfindən Azərbaycanın yaratdığı reallıqlar da nəzərə alınmalıdır”. 

Ermənistanın bu məsələdə şıltaqlığına gəldikdə, həmsöhbətimiz düşünür ki, İrəvan sadəcə olaraq, diqqət mərkəzində olmaq üçün tədbirə ev sahibliyi etmək istəyir: 

"Seçki ərəfəsində İrəvanın "3+3 formatı”nın keçirilmə yeri ilə bağlı bu canfəşanlığı Paşinyan hakimiyyətinin bu amildən öz reytinqini yüksəltmək, özü barədə təşəbbüskarlıq imici yaratmaq, Ermənistanı öndə tutmaq niyyətindən qaynaqlanır. Ermənistanda ictimai-siyasi vəziyyət, psixoloji iqlim hələ tam durulmayıb. Ehtimala görə, ancaq seçkidə sonra Ermənistan belə görüşlər üçün uyğun məkan ola bilər. İndiki halda İrəvan bunu təşkil etməyə tam hazır deyil”. 

Qeyd edək ki, "3+3 formatı”nın növbəti görüşünün keçirilmə yeri ilə bağlı müzakirələr başa çatmayıb. Növbəti belə bir görüş Bakıda və ya İrəvanda keçirilməlidir. Hələliksə tərəflər bu məsələdə qarşılıqlı məqbul həll yolu tapa bilməyiblər. Xatırladaq ki, dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan "3+3 formatı”nda növbəti görüşü əvvəlcə öz ərazisində, daha sonra isə Ermənistanda keçirməyi təklif edib. Amma Ermənistan tərəfi bu ardıcıllıqla razılaşmayıb. Onu da yada salaq ki, əvvəlki üç görüş Moskva, Tehran və İstanbulda baş tutub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->