Siyasət 15:32 27.09.2022

İrəvan Qərbə yaxınlaşır, lakin... (ŞƏRH)

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, Rusiya Qarabağ məsələsinin həllinin açarını itirib. O, qeyd edib ki, Qarabağ probleminin nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi: "Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey qat-qat konstruktiv olardı. Vaxtilə, Qarabağ məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi, amma indi Moskvanın vəziyyəti o qədər çətindir ki, o, bu açarı itirib”. 

Onun sözlərinə görə, dünyada mövcud vəziyyət Karib böhranından da pisdir. Ermənistanın birinci prezidenti Rusiya, ABŞ və Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə Moskvanın potensialının zəiflədiyini vurğulayıb. 
Sabiq dövlət başçısının fikrincə, ABŞ və Aİ elə edə bilər ki, Ermənistan tərəfinin vəziyyəti daha da pisləşməsin. Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsində nə dərəcədə ciddi iştirak etməsindən asılıdır. Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın Dağlıq Qarabağ işlərində iştirakı humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır. "Ermənistan artıq Qarabağ məsələsində ciddi rol  oynamır, onun səsvermə hüququ yoxdur”, deyə Ermənistanın keçmiş prezidenti bildirib.

Əslində, Ter-Petrosyanın bu açıqlaması Ermənistanın hazırkı rəhbərliyinin istədiyi kimi ATƏT-in Minsk qrupunun bərpası ideyasını dəstəkləməyə hesablanmış addımdır. İrəvan dəfələrlə bəyan edib ki, onlar münaqişənin həllini Minsk qrupunun yenidən diridilməsində görürlər. Keçmiş prezidentin yuxarıda dediyi fikirlər də bu mənada Ermənistan üçün ən optimal çıxış yolunun məhz Qərblə əməkdaşlığa bağlı olduğunu erməni cəmiyyətinə göstərmək cəhdidir. Petrosyan bununla hazırkı situasiyada potensialı zəifləmiş Rusiyaya bel bağlamağın onlar  üçün uğurlu olmayacağını anlatmağa çalışıb. Bir sözlə, görünən odur ki, Ter-Petrosyan da Paşinyanın tutduğu mövqeyə dəstək verərək, Qərbin bölgəyə gəlməsində maraqlı olduğunu ortaya qoyur. 

Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, Moskvanın Ukrayna savaşı fonunda Cənubi Qafqaza təsir imkanları müəyyən dərəcədə zəifləsə də, onun bir əli hələ də bölgəmizdədir:
 


"Ermənistan indi vəziyyətdən çıxış yolu arayır. Ter-Petrosyan da daxil Ermənistanın keçmiş prezidentləri və katalikos məhz bu məqsədlə bir araya gəldi. Ter-Petrosyan bu gedişlə Paşinyana dəstək olmağa çalışır ki, o kapitulyasiya aktını, sülh müqaviləsini imzalasın. Ona görə də  Petrosyan açıq şəkildə bəyan edir ki, Ermənistanın başqa çıxış yolu yoxdur.

Petrosyan onu da qeyd edib ki, Ukraynada apardığı müharibə ilə taqətdən düşən Rusiyanın Qarabağ prosesinə aktiv müdaxilə imkanları azalır. Əvəzində, ABŞ və Fransanın timsalında bölgəmizdə Qərbin aktivləşdiyi müşahidə olunur. Hətta o ipucu da verir ki, Ermənistan-Azərbaycan münasibətlərilə bağlı daha çox ABŞ-dan gözləntilər mümkün ola bilər. Keçmiş prezidentin bu açıqlaması İrəvanın xilaskar rolunu daha Rusiyada deyil, ABŞ-da axtardığına işarədir. 

Ukrayna müharibəsi fonunda Moskvanın Qarabağ probleminin həllinə təsir imkanları müəyyən dərəcədə zəifləyib. Ukrayna savaşı Kremlə digər problemlər, o cümlədən Azərbaycan-Ermənistan məsələsilə daha ciddi məşğul olmağa imkan vermir. Amma hər nə qədər zəifləsə də, hələ də Moskva bölgəmizdə əsas təsir gücünə malik ölkə olaraq qalır. Yəni Rusiyanın bölgəmizdə müəyyən dərəcədə zəifləməsi o  anlama gəlmir ki, Cənubi Qafqazda Moskva öz yerini kiməsə güzəştə gedəcək. Rusiyanın Qərbi bölgəmizə buraxacağı inandırıcı deyil. Moskvada Avropa  İttifaqının moderatorluğuna belə qısqanclıqla yanaşır. Rusiyanın bir əli hələ də bölgəmizdədir. Moskva buradan çıxmaq fikrində deyil”. 

Rüfət Sultan