
Müsavat və ADP arasında “Kölgə Kabineti” savaşı davam edir
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində deyib ki, hakimiyyətə gələrsə, İsa Qəmbəri və Əli Kərimlini nazir postunda görə bilər: “Əgər koalisiya yaradılsa, bu ayrı məsələ. Yox, əgər hakimiyyətə öz gücümüzlə gəlsək, məsələn, mən öz komandamda İsa Qəmbəri xarici işlər, Əli Kərimlini ədliyyə naziri postunda görə bilərəm”.
ADP sədrinin bu açıqlaması Müsavat Partiyası tərəfindən birmənalı qarşılanmayıb. Partiyanın Divan üzvü Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlunun hakimiyyətə gələcəyi məsələsi hər halda ADP sədrinin özünə də gülməli görünüb: “Görünür, jurnalistin sualından Sərdar bəy şoka düşüb və birdən-birə cavab verməkdə həyəcanlanıb. Çünki heç vaxt hakimiyyətə gələ bilməyəcəyini ən dəqiq bilən Sərdar bəyin özüdür. Sərdar Cəlaloğlu kimi siyasilər heç vaxt, hətta təsadüfən də hakimiyyətə gələ bilməz. Ona görə ki, onun ətrafında partiya adında nəsə qalmayıb. Sərdar Cəlaloğlu ADP-ni dərnək halına gətirib çıxarıb. Odur ki, Sərdar Cəlaloğlunun kölgə kabinetinin olmağı absurddur. İsa Qəmbərin hansısa "Kölgə Kabineti"ndə xarici işlər naziri olması nə qədər realdırsa, Sərdar Cəlaloğlunun prezident olması bir o qədər realdır”.
ADP sədri Müsavat funksionerinin dedilərinə sərt cavab verib. Sərdar Cəlaloğlu Qaynar.info-ya açıqlamasında deyib ki, müxalifət düşərgəsində hamı prezident olmaq istəyir: “Sual verildi ki, tutaq ki, siz prezidentsiz müxalifət liderlərinə hansı vəzifələri verərdiniz” Dedim ki, koalisiyon qaydada hakimiyyətə gələriksə, mən onlarla məsləhətləşib, onların istədiyi işi verərəm. Yox, əgər hakimiyyətə koalision qaydada deyil, şans yaranarsa, öz gücümə prezident olaramsa, həmin müxalifət liderlərini komandaya dəvət edərəm. Məsələn, İsa Qəmbərə xarici işlər naziri, Əli Kərimliyə də ədliyyə naziri postunu təklif edərəm. Burada təəccüblü nə varki? Bu, kiçik vəzifədir? Baxın, müxalifətin birləşməməsinin səbəbi buradan aydın olur. Müxalifət düşərgəsində hamı prezident olmaq istəyir. Belə olan halda mən də yeni “Kölgə Kabineti” yaradacam və orada İsa Qəmbərlə Əli Kərimliyə yer verməyəcəm”.
İlkin
Qaynar.info