Sabah xalqımızın milli matəm günüdür. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi iz salmış 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçir. 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin məzarlarına, hər il gül-çiçək dəstələri və əklillər qoyulur.
Aktual.az-ın əməkdaşının paytaxtın bir neçə gül salonunda apardığı müşahidələrdə aydın olub ki, dünəndən etibarən, müxtəlif gül salonları və satış mərkəzlərində süni qiymət artımı var. Adi günlərdən fərqli olaraq, müxtəlif növ güllərin satışında 10-20 qəpik artım var. Hüzn günündə ən çox satılan qərənfil gülünün satışı adi günlərdə 30 qəpik olduğu halda, hazırda 50 qəpiyə satılır. Xalqımızın qəhrəmanlıq tarixi sayılan matəm günlərində süni qiymət artımına yol verilməsi ictimaiyyət arasında heç də yaxşı qarşılanmayıb. Müxtəlif gül salonunun satıcıları isə artım barədə onlara yuxarıdan göstəriş verildiyini deyiblər.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafıəsi Dövlət Xidməti ölkədəki süni qiymət artırmalarına nəzarət edən bir qurumdur.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev belə bir məlumatdan xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, nazirlik tərəfindən məsələ ilə əlaqədar araşdırmalara başlanılacaq.
20 Yanvar Cəmiyyətinin sədr müavini Mustafa Əliyev deyib ki, əksinə, belə günlərdə gülün qiymətində ucuzlaşmalar olmalıdır: “Təəssüf hissi keçirirəm ki, uca zirvədə olan şəhidlərimizə belə hörmət qoyulur. Şəhidlərimiz vətənin azadlığı uğrunda canlarını fəda ediblər. Bizim zəif yerimiz budur ki, belə günlərdən sui-istifadə edirik. Hüzn günündə gülün qiyməti, Qurban bayramında qurbanlıq qoyunların qiyməti artırılır. Bütün belə hallar pislənilir və yolverilməzdir”.
Qaynar.info