50 yaşlı ispaniyalı ekstremal atlet Beatriz Flamini 500 gün yaşadığı mağaradan çıxıb.
Qaynarinfo-nun məlumatına görə, Flamini Qranadadakı mağarada qaldığı müddətdə xarici dünya ilə təmasda olmayıb. 2021-ci ilin noyabrında mağaraya girəndə 48 yaşı olan xanım komandasına heç bir şəraitdə - hətta ailəsindən kiminsə ölümü halında belə onunla əlaqə saxlamamağı tapşırıb.
Mağaranın 70 m (230 fut) dərinliyində yaşayan xanım, vaxtını idman etmək yun papaqlar toxumaqla keçirib. Komandasının bildirdiyinə görə, alpinist 50 kitab oxuyub və 1000 litr su içib.
"NBC News" və "BBC News" məlumatlarına görə, açıqlamasında 2021-ci ilin 21 noyabrından sonra dünya haqqında heç nə bilmədiyini deyən Flamini mağaradan çıxarkən, günəş işığında gözlərini qırparaq, Rusiyanın Ukraynaya hücumu, II Elizabetin ölümü kimi qlobal hadisələrdən xəbərsiz olduğunu söyləyib. Media nümayəndələri, ailəsi və dostları tərəfindən qarşılanan ispaniyalı öz təcrübəsini "əla, məğlubedilməz" kimi qiymətləndirib. Flamini mağaranı tərk etmək istəmədiyini, insanlar üçün çox çətin və qeyri-adi dözümlülük sınağı kimi görünən təcrübəni bitirməyin vaxtının çatdığını anlamadığını bildirib.
Alpinist jurnalistlərə açıqlamasında "Məni götürməyə gələndə yatmışdım. Fikirləşdim ki, nəsə olub. Çıxmaq istəmirdim, kitabımı bitirməmişdim. İl yarımdır susuram, özümdən başqa heç kimlə danışmıram. Bir an oldu ki, günləri saymağı dayandırmalı oldum. Duş almağa icazə versəniz - il yarımdır suya toxunmuram - bir azdan görüşərik" - sözlərini söyləyib.
Onun dəstək komandasının sözlərinə görə 500 gün olsa da, alpinist mağarada 160-170 gün qaldığını düşünürmüş. Bununla yanaşı Flamininin mağarada ən uzun müddət qalan adam kimi dünya rekordunu qırdığını buna baxmayaraq, Ginnesin Rekordlar Kitabı tərəfindən hələ təsdiqlənmədiyi açıqlanıb. Komandasının sözlərinə görə mağarada ikən keçirdiyi ən çətin təcrübələrdən biri də onu əhatə edən milçəklərin hücumu olub.
Mağarada qaldığı müddətdə eşitmə halüsinasiyaları yaşadığını da deyən Flamini "Sən susursan və beyin bunu uydurur" - sözlərini söyləyib.
Səbuhi Həsənov