
Bilindiyi kimi, müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Elnur Cəfərov İspaniyanın "Real Ovyedo" klubuna keçə bilər.
Qaynar.info xəbər verir ki, ötən ay 1 həftə bu klubda baxışda olan gənc futbolçumuz bəyənilib. "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov isə saytımıza açıqlamasında artıq İspaniya klubundan onlara rəsmi təklifin gəldiyini bildirib. O bu məsələ ilə klubun Beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirovun məşğul olduğunu da nəzərimizə çatdırıb.
Biz də danışıqların təfərrüatlarını öyrənmək üçün Cahangirovla əlaqə saxladıq. O, "Xəzər Lənkəran"ın qarşı tərəfin qeyri-adi şərtini qəbul etmədiyini, lakin məsələnin hələ yekunlaşmadığını bildirdi:
"Rəsmi təklifdə qeyd olunub ki, "Real Ovyedo" klubu Elnur Cəfərovun xidmətində maraqlıdır. Təklifləri də bundan ibarətdir ki, Elnurun hazırkı klubuna, yəni "Xəzər Lənkəran"a o, çempionatda 5 rəsmi oyuna çıxdığı təqdirdə filan məbləği ödəyəcək. Bu da bizi qane etmir. Onların etdiyi "şərti təklif"dir. Yəni ödəniş yalnız müəyyən şərtin yerinə yetirildiyi an edilir. Şərt isə oyunçunun 5 oyuna çıxmasıdır. Bizim mövqe isə daha sadədir. Klassik transfer - kluba pul ödənilir, ödəniş edildikdə isə oyunçunun sertifikatı yeni klubuna verilir. Klubumuz ən dəyərli yetirmələrindən birini belə şərtlə buraxa bilməz.
Həm də bu şərtdən yayınmalar da mümkündür. Bu şərti qəbul edib Elnura azad oyunçu statusu versək, ispanlar sonra deyə bilərlər ki, onu bəyənmədik. Sərbəst qalan oyunçu da hara istəsə keçər, biz də öz yetirməmizdən pul qazanmamış olarıq.
İspanlara demişik ki, biz yalnız istədiyimiz 30 min dollar transfer haqqı ödəniləndən sonra keçidə razılıq verərik. Biz onlara dedlayn (razılaşma üçün son tarix - red.) qoymamışıq. Çünki onsuz da keçid qalır yay dövrünə. O, cari mövsüm daha "Xəzər Lənkəran"dan başqa heç bir klubda oynaya bilməz".
Ramil Cahangirov Elnur Cəfərovla yeni klubunun şəxsi müqaviləsi haqda isə heç bir məlumata malik olmadığını söylədi: "Bu sırf yeni klubla Elnurun işidir, biz bu məsələyə qarışmırıq. Burda belədir ki, keçiddə vasitəçiliyi edən AFFA- rəsmisidir (AFFA-da milli komandalar üzrə baş administrator Riad Rəfiyev nəzərdə tutulur - red.). Ona görə də oyunçuya dair şərtlər bizə məlum deyil və biz bu məsələ ilə maraqlanmırıq".
Qeyd edək ki, Elnur Cəfərovu "Real Ovyedo"dan qabaq Serbiyanın "Spartak" klubu istəyirdi. Ancaq Serbiya klubu "Xəzər Lənkəran"ın istədiyi məbləği birbaşa ödəmək gücündə olmadığından, keçid baş tutmamışdı.
Qaynar.info