İspaniya La Liqası yeni sponsorluq müqaviləsi bağlayıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, La Liqa 2023-2024 mövsümündən etibarən yeni ad və sponsorla davam edəcək. Bununla da yarışın gəliri ikiqat artacaq. ABŞ-ın məşhur kompüter oyunları istehsalçısı "EA Sports"la müqavilənin müddəti növbəti beş il üçün nəzərdə tutulub. Buna uyğun olaraq, növbəti mövsümdən Birinci liqa "La Liga EA Sports", ikinci liqa isə "La Liga EA Sports Hypermotion" adlanacaq.
Tarixində ilk dəfə bir xarici şirkətlə sponsorluq müqaviləsi bağlayan "La Liga", "Santander" adlı İspaniya bankları ilə sponsorluq müqaviləsinə nisbətən ən azı iki dəfə çox gəlir əldə edəcək. "EA Sports"un beş il ərzində La Liqaya hər mövsüm (hər iki liqa üçün) 40 milyard avro iqtisadi töhfə verəcəyi bildirilir.
Digər tərəfdən sponsorluq müqaviləsinə əsasən çempionatın loqosu da dəyişdiriləcək. La Liqa prezidenti Xavier Tebas bununla bağlı çıxışında, "Biz həm İspaniya futbolu, həm də futbol sənayesi üçün inqilabi dəyişiklik deyə biləcəyimiz yeni dövrə başlayırıq. Biz bunu "EA Sports" kimi strateji tərəfdaşlıqlar və klublarla edirik. Biz birlikdə cəmiyyət üçün daha yaxşı futbol və futbolumuz üçün daha yaxşı bir cəmiyyət təqdim etmək istəyirik” - sözlərini söyləyib.
Təqdimat zamanı, 2014-2015 mövsümündə 860 milyon Avro olan "La Liga"nın yayım hüququ gəlirlərinin 2022-2023 və 2026-2027 mövsümləri ərzində hər ildə iki milyard 69 milyon avro artaraq İspaniya üçün rekord göstəriciyə çatdığı açıqlanıb.
"Deloitte" şirkətinin futbol sənayesinin maliyyə vəziyyəti ilə bağlı son hesabatına görə, La Liqa İngiltərə Premyer Liqasından (altı milyard 442 milyon avro) sonra üç milyard 277 milyon avro dəyəri ilə Avropada ikincidir.
Səbuhi Həsənov