
Eddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Qaynar.info xəbər verir ki, Eddi İsrafilovun çıxış etdiyi “Kordova” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi Xose Luis Oltra futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib.
Millimizin baş məşqçisi Robert Prosineçki isə müraciəti müsbət cavablandırıb. Beləliklə, səfər öncəsi əlavə kimsə qoşulmasa, millimizin heyətində Antalyaya yollanacaq futbolçuların sayı 24 olacaq.
Qeyd edək ki, qışda "Kordova"ya keçən Eddi İsrafilov artıq bu komanda ilə 6 oyuna çıxıb. O, son matçlarda start heyətində yer alır və 90 dəqiqə meydanda olur. Eddinin komandası hazırda Sequndada 46 xalla V pillədədir və La Liqaya vəsiqə verən II sıradan onları cəmi 3 xal ayırır.
Qaynar.info