
Son zamanlar iri və orta müssisələrin bağlanması, bir sıra yerlərdə ixtisarlar işsizlərin sayını xeyli dərəcədə artırıb. İşsizlikdən nəyinki orta və yaşlı nəsil, hətta gənclər də əziyyət çəkir. Bir çox hallarda işsizlikdən yaranan tələbatlar xoşəgəlməz və arzu olunmaz hadisələrin yaşanmasına səbəb olur. Bəs görəsən işsizliyin hökm sürdüyü bir vaxtda işsiz qalan insanlara necə yardım etmək olar?

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, işsizliyin yarada biləcəyi problemlərin qarşısını təbliğatla almaq mümkün deyil: "Həqiqətən də iş yerlərinin bağlanması halları çoxalır. Vergi yükünün ağır olması əksər iş yerlərinin rəqabətə davam gətirməsinə imkan vermir. İstehsalın stimullaşdırıcısı olmadığına görə, iri müəssisələrin salınmasında ləngimələr olduğuna görə işsizliklə bağlı problemlər var".
Deputatın fikrincə, kriminal hadisələrin çoxu, ailə qurluşunun dağılmasının böyük əksəriyyəti işsizlikdən qaynaqlanır: "İşsizliyin yarada biləcəyi problemlərin qarşısını təbliğatla almaq mümkün deyil. Bunun qarşısını ancaq yeni iş yerlərinin açılması ilə almaq olar. Yəni insanlar biləcəklər ki, iş yerləri var, evlərinə vəsait aparmaq, çörək pulu qazanmaq imkanına sahibdirlər. Bunlar olmadıqda hansı təbliğatın aparılmasından asılı olmayaraq, heç bir nəticəsi və ciddi mənası olmayacaq".

Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan sosioloq Cavid İmamoğlu vurğulayıb ki, işsizlik olduğu dövrdə ailədaxili zorakılıq halları artır, təhsilin səviyyəsi aşağı düşür, narkomaniyaya qurşananların sayı artır: "Əgər bir cəmiyyətdə işsizlik səviyyəsi qalxırsa, o zaman həmin cəmiyyətdə müxtəlif sosial problemlər olacaq. Gənclər işləməlidir ki, iqtisadiyyat möhkəmlənsin. İşsiziliyin nəticəsi yoxsullluqdur. Yəni işsizlik elə bir faktordu ki, özündən sonra problemlər yaradır. Ona görə də işsizliyin artımının qarşısını almaq üçün gənclər arasında maarifləndirmə artırılmalıdır. İnsanlar təkcə dövlətdən iş yeri gözləməməlidir. İşlə bağlı sahibkarlıq anlayışları artırılmalıdır ki, gənclər özlərini gənc sahibkar hiss etsinlər. Təbii ki, bunların hamsı təlimlər vasitəsilə həyata keçrilməlidir. Oxşar layihə Əmək və Əhalini Sosial Müadfiəsi nazirliyi tərəfindən başladılıb. Yeni layihə olduğuna görə, hələ nəticəsini görmək olmur. Ümumiyyətlə metod budur ki, biznes psixologiyasını gənclər arasında artırmaq lazımdır. Nə qədər biznes qurmaq barədə düşünsələr, bir o qədər də nail ola bilərlər".
Sosioloq bildirib ki, burda dövlətin də funksiyası var: "İş yerlərinin sayı artmalıdı. İş yerləri gənclər üçün əlçatan olmalıdır. Təhsili başa vuran və orta təhsillilər üçün iş tapmaq mümkün olmalıdır. Bəzən gənclər adi CV yazmaq qaydasını bilmirlər, iş yerlərinə necə müraciət etməyi, müsahibələr zamanı necə rəftarı. hansı geyimi geyinməli olduqlarını bilmirlər. Bu sadə və eyni zamanda əhəmiyyətli aspektlərdir ki, gərək bunları işə hazırlaşan gənclər bilsin. Bu bacarıqların hamsı təlimlər vasitəsilə öyrədilməlidir. Yaxşı olar ki, məktəblərdə biznes, sahibkarlıq düşüncələrini artırmaqla bağlı kurslar keçrilsin, insanlar gənc yaşlarından biznes həyatına atılsınlar".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az