(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb)
İnsanların restoranlara xərclədiyi pullar ilbəil artır. Təkcə bu ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,9 faiz artaraq, 743,3 milyon manat təşkil edib. Yemək bişirmək, süfrə qurmaq, qonaq dəvət eləmək azərbaycanlıların hər zaman ən öndə gedən milli dəyərlərindən biri olub. Lakin son dövrlər sürətli həyat şəraiti, ağır iş rejimi insanları bir-birindən uzaqlaşdırdığı kimi, sanki yemək bişirmək mədəniyyətini də unutmağımıza gətirib-çıxarır. Böyüklü-kiçikli hər kəs hazır qidalara üstünlük verir. Bu isə həm cibimizə, həm sağlığımıza ziyan vurur və öz dəyərlərimizdən uzaqlaşmaq yollarından birinə çevrilir.
Bəs bu sadalananların qarşısını necə almaq olar?
Qaynarinfo məsələni qida mütəxəssisi Ağa Salamovla müzakirə edib. Ağa Salamov deyir ki, restoranların işləməsinin tərəfdarıdır, pul qazansınlar, iş yerləri olsun. İqtisadiyyatımız güclənsin. Ancaq restoranlar evin içinə yol açıbsa, həyəcan təbili çalmaq lazımdır:
"Çünki insanlar artıq evdə heç nə bişirmək, qışa tədarük görmək istəmirlər. Hamı düşünür ki, "əşşi, dükanda hər şey satılır, alarıq, bazar doludur”. Ənənəvi, gec hazırlanan, çox zəhmət istəyən yeməkləri – düşbərə, dolma kimi qidaları hazırlamaq istəmirlər. Çünki yaşadağımız əraziyə ən yaxın yerlərdə polifabrikat kimi bu qidalar satılır. Hər şey əl çatandı”.
Ağa Salamov bildirib ki, marketlərin hərəsinin yanında da iki-üç aptek olur. İki adddımdan bir aptekdi.
"Bu, nə deməkdi? İnsanlar ürək qan-damar sistemi, mədəaltı vəzi xəstəlikləri, qaraciyər piylənməsindən, müxtəlif şiş xəstəliklərindən əziyyət çəkirlər. Belə səbəbləri yaradan amillər sırasında tənbəllik başda gəlir. İnsanlar evdə sağlam qidalar hazırlamır, müxtəlif xəstəliklər yaradan trans yağlarda hazırlanan müxtəlif çeşiddə restoran, "fast food " yeməkləri yeyirlər. Bu cür qidalanma da insanı ölümə qədər aparan bir yoldur. Bu təkcə Azərbaycanda deyil, meqapolis olan bütün şəhərlərdə belədir”,- deyə ekspert vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, bu gün çox insan heç bir iş görmədən yorulduğunu deyir:
”Ancaq baxırsan ki, bu adam o qədər bir iş görməyib. Biz ona görə iş görmədən yoruluruq ki, hər şey əlimizin altındadır. Elə bir sistem qurulub ki, hər şey insan üçün əlçatandır. Sanki hər şeyi əlimizin altına yığıblar, biz də bir toxunuşla dünyanı ovucumuzun içinə yığırıq. Artıq "yoruldum” sözü bir növ insanların dilinin əzbərinə çevrilib. İnsanların həyatı o qədər rahatlaşıb ki, bundan xəbərələri yoxdur, bu rahatlıq yuxusuna qərq olub gediblər. Rahatlıq yuxusundan biri odur ki, artıq çətin hazırlanan yeməklər yoxdu”.
Ekspertə görə, restoranların hər yerdə reklamları yayılır. İstər sosial şəbəkələrdə, istər müxtəlif reklam platformalarında, blogerlər tərəfindən restoranlar reklam olunur.
"Bu platformalarda yayılan iştahaçıcı reklamlar bir tərəfdən yaxşı olsa da, bir tərəfdən pisdir. Məsələn, insanlar işdədir, hər hansı bir ictimai iaşə müəssəsində yemək yeyir. 30 il bundan əvvəl isə insanlar nahar fasiləsində yemək yemək üçün evə gedirdilər. Müəyyən bir yol qət edirdilər, fiziki aktivlik var idi. Amma indi necədir? Axşam evə gedəndə xanım yemək bişirmir, müxtəlif tətbiqlərdən sifariş edirlər. Restoranlar da sanki insanların evinin içinə yol açıb”,- deyə Ağa Salamov vurğulayıb.
Ekspert deyir ki, dünya o qədər qloballaşıb ki, dünyanın müxtəlif yerində olan fərqli qidalar gəlib bura da çıxır, amma bizim radiusumuzda yetişən meyvə və tərəvəzlərdən nə qədər çox istifadə etsək, bu bizə o qədər faydalı olacaq:
"İndi baxırıq ki, bazar fərqli meyvələrlə doludur, lakin dad tapa bilmirik. Ölkəyə İrandan, Türkiyədən və digər yerlərdən müxtəlif növdə hibrid meyvələr idxal olunur. Bu meyvə-tərəvəzlərin tərkibində həm kimyəvi zəhər var, həm faydasızdı. Sadəcə adamın qarnı doyur, amma daxili orqanları sıradan çıxır, sağlamlığı pozulur. Bu da insanların öz tənbəlliyindən irəli gəlir. Mənim "partlamayan minalar” adlı məqaləm var, orada qeyd eləmişəm ki, gələcəkdə sağlam olmaq istəyən hər bir insan torpaqda yaşamalıdır. Torpaqda ev tikməli, əkməli-becərməli, öz tələbatını torpaqdan ödəməlidir. Bu torpaqlar isə orqanik, münbit torpaq olmalıdır. İnsanların əkdiyi məhsulları müəyyən dərmanlarla deyil, təbii gübrələrlə yetişdirilməlidir. Yol budur. İnsan zəhmət çəkməlidir. Həmin məhsullardan isə çətin hazırlanan yeməklər hazırlayıb, evdə təbii qidalanmağa üstünlük verməlidir”.
Ağa Salamov deyir ki, 30 il bundan əvvələ qədər ölkədə bu qədər xəstəxəna yox idi:
"İndi özəl klinikaların da sayı artıb, reklamları da güclüdü, hansı kanalı açırsan həkim reklamı gedir. Belə gedişlə xəstəxanalardan yığışa bilməyəcəyik. Bu gün apteklərə hansı saatda girməyindən asılı olmayaraq növbə olur. Çünki bizim qidalarımız sağlam deyil. Bunun səbəbkarıı da insanlar özləridir. Heç kim əkmir-becərmir, torpağını atıb şəhərdə yaşamağa gəlirlər. Torpağı əkmək üçün müxtəlif bəhanələr edirlər, su yoxdur, toxum yoxdur. Doğrudur, bunun üçün dövlət dəstəyi lazımdır. Ancaq bu gedişlə gələcəkdə təbiət özü özünü yeniləyəcək. Çünki insanların torpaqdan uzaqlaşması Allahdan uzaqlaşmaq kimi bir şeydi. Biz torpağı əzizləməliyik. Bunu etmiriksə, artıq qiyamətdən danışa bilərik. Partlamayan bombalardan biri də insanın bu yolla qiyaməti öz əli ilə hazırlamasıdır. Bu isə böyük fəlakətin xəbərçisidir”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.