"İTS-in büdcədənkənar özəl fonda çevrilməsi mütərəqqi ideyadır, amma Azərbaycan reallığında onun həyata keçməsi indiki şəraitdə mümkünsüzdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Hesablama Palatasının "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinə rəyində əksini tapan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcədənkənar dövlət fonduna çevrilməsi təklifinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin fikrincə, Azərbaycanda bunun üçün əlverişli mühit yoxdur:
"İcbari Tibbi Sığorta (İTS) ölkəmizdə normal çalışırmı ki, o büdcədənkənar özəl fonda da çevrilsin? Dünyada mövcud olan praktika ondan ibarətdir ki, belə qurumlar büdcədənkənar investisiya fonduna çevrilərək, qiymətli kağızlar bazarında oyunçu olmaqla pul qazanırlar. Azərbaycanda isə bu şərait yoxdur. Ölkəmizdə qiymətli kağızlar bazarı da yoxdur ki, hansısa bir formada pul qazanmaq mümkün olsun. Digər tərəfdən, hazırkı qanunvericiliyə görə, çalışmayan insanlara dövlət tərəfindən icbari tibbi sığorta vəsaiti ödənilir. İTS büdcədənkənar özəl fonda çevrilsə, işləməyən insanların sığortasını kim ödəyəcək? Onlara yenə də dövlət ödəyəcəksə, onda İTS-nin büdcədənkənar fonda çevrilməsinin nə mənası qalacaq? Başqa bir tərəfdən, burada ödənişlər hansı mexanizmlərlə həyata keçəcək? Yəni bu məsələdə kifayət qədər müəmmalı məqamlar qalır”.
Natiq Cəfərli qeyd edir ki, qiymətli kağızlar bazarı olmayan və rəsmi işçi sayı az olan Azərbaycan kimi ölkələrdə sözügedən addımı atmaq çətindir:
"İdeya olaraq İTS-nin büdcədənkənar özəl fonda çevrilməsi mütərəqqi ideyadır. Amma Azərbaycan reallıqlarını da unutmayaq. Ölkəmizdə onun hansısa formada həyata keçməsi indiki şəraitdə mümkünsüzdür. Çünki qiymətli kağızlar bazarı olmayan və rəsmi işçi sayı az olan Azərbaycan kimi ölkələrdə bunu etmək çətindir. Ölkədə rəsmi işçi sayı 1,6 milyon nəfərdir. Belədə kənd təsərrüfatında və qeyri-rəsmi şəkildə çalışanlar tibbi sığortanı necə ödəyəcək, necə alacaqlar? Bu suallara cavab olmayınca ideyanın mütərəqqi şəkildə həyata keçməsinə inam yoxdur”.
Rüfət Sultan