“Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülərək aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümündə həm də həkimlər günahlandırılır. Sosial şəbəkələrdə, xəbər portallarında mərhum jurnalistin həm də həkim məsuliyyətsizliyinin qurbanı olduğu bildirilir və bir qrup şəxslər onu əməliyyat edən cərrah, professor Saday Əliyevin də cəzalandırılmasını tələb edirlər.
Saday Əliyev isə mətbuata açıqlama yayaraq onun bu ölümdə heç bir günahının olmadığını bildirib.
Maraqlıdır, döyülən şəxsə ilkin müdaxilə əslində necə olmalıdır? Burada həkimi günahlandırmaq düzgündürmü?
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Musavat"a açıqlamasında bildirib ki, həkimin günahkar olub-olmaması barədə bir sözü yalnız məhkəmənin tibbi ekspertizasından sonra demək daha düzgün olar: “Həkimin günahkar olub-olmamasını ekspertizanın rəyindən sonra demək olar. Məncə, ekspertizanın rəyi olmadan bu barədə deyilənlərin hamısı mülahizədir. Ona görə də buna tibbi tərəfdən rəy vermək üçün məhkəmə-tibbi ekspertizasını gözləmək lazımdır. Hər halda tibbi açıqlamalarda müəyyən uyğunsuzluqlar var. Bəlkə də insanları həkimin günahkar olması qənaətinə gətirən odur. Amma düşünürəm ki, ilkin səbəb döyülmədir. Əgər onu döyməsəydilər, bu hadisə də olmazdı. Tibb müəssisəsində nələr baş verdiyini tibbi ekspertizanın rəyi müəyyən edəcək. Buna görə də bir az səbirli olmaq lazımdır. Bundan sonra fikir bildirmək daha yaxşı olardı”.

Döyülən insana ilk tibbi yardım məsələsinə gəlincə, A.Qeybulla şəxsin hansı vəziyyətdə olmasından asılı olaraq dəyişdiyini deyib: “Təcili yardımın xüsusiyyəti xəstədə alınan zədənin xüsusiyyətindən, suda boğulma, yanma, günvurma, əzilmə, travma, daxili qanaxmadan asılı olaraq fərqlidir. Ümumiyyətlə, həyati massiv qanaxmalar, beynin və ürəyin əzilməsi həyatla bir araya sığmayan travmalardı. Qalan travmalar şok vəziyyəti yaratdığı halda bir müddət xəstələr yaşayır. Düzgün yardım göstərilsə, həmin xəstələr yaşaya bilər. Amma ürəyin, iri damarların, beynin əzilməsi, əlbəttə ki, həyatla bir araya sığmayan travmalara aiddir və bu çox zaman ölümlə nəticələnir. Amma istənilən halda ilk tibbi yardım harada olursa olsun göstərilməlidir. Yəni qanaxmanın dayandırılması, xəstənin vaxtında tibb müəssisəsinə çatdırılması, vaxtında diaqnozun qoyulması və yardım göstərilməsi mühüm şərtdir”.
Qaynar.info