Jurnalist Rasim ƏIiyevi döyən futbolçular - Camal Məmmədov və Elşən İsmayılovun Azərbaycanın I dəstə klubu "Qaradağ Lökbatan"da məşq keçdiyini xəbər vermişdik. Qaynar.info Lökbatan qəsəbəsini təmsil edən komandanın baş məşqçisi Əfqan Talıbovun bu məsələ ilə bağlı fikirlərini öyrənib.
Talıbov hər 2 futbolçunun onun komandasında məşq etdiyini təsdiqləyib: "Bəli, onların ikisi də bizim komandada məşq edirdi. Camal mərkəz müdafiəçisi, Elşən isə dayaq yarımmüdafiəçisi idi. Açığı, Camalla müqavilə bağlamasaq da, onu komandaya götürməyə çox yaxın idik. Onu ötən mövsüm "Turan Tovuz"dakı oyunundan bəyənmişdim. Çünki müdafiəçi olmasına baxmayaraq, başla çoxlu qollar vururdu. Onunla hərtərəfli razılaşmışdıq. O, Bakıxanov qəsəbəsində əmisigildə qalırdı. Öz evləri Dəvəçidə idi. Onu Bakıda evlə təmin etməyə də razılaşmışdıq. Elşən isə bizimlə etdiyi məşqlərdə özünü doğrultmurdu. Həm də bizdə ondan daha yaxşı dayaq yarımmüdafiəçiləri vardı. Sonra bu xəbəri eşitdik. Çox pis olduq. Hadisə olan günün səhəri - avqustun 9-u "Şahdağ"la Lökbatanda oyunumuz vardı. Gördük ki, bu 2 futbolçu oyuna gəlməyib. Məni ancaq Camal maraqlandırırdı. Köməkçimdən soruşdum ki, hanı bu? Dedi ki, telefonuna zəng çatmır. Təbii ki, hər ikisinin bu hərəkəti bağışlanmazdır. Futbolçulara min dəfə deyilir ki, jurnalist nə yazsa da, ona cavab verməyə çalışmayın, əksinə bu tənqidlərdən nəticə çıxarıb gələn dəfə belə hərəkətləri etməyin. Ancaq görürsən ki, başıboşluq edirlər. Artıq Camal azadlığa buraxılsa belə, onu komandaya götürmərik".
Qeyd edək ki, Əfqan Talıbov bu hadisədən sonra nə Elşən İsmayılov, nə də Camal Məmmədovla əlaqə saxlamadığını da bildirdi.
Qaynar.info