İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunmuş tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçıları Ramin Yunusov, Daşqın Əziz və digər şəxslər iştirak ediblər.
Yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb. O, turnirdə 12 komandanın iştirak etdiyini xatırladıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Milli Məclisin deputatlarından Aqil Abbas çıxış edib. O, Qarabağın rayonlarının adlarını daşıyan futbol klublarının da olmasını arzuladığını söyləyib: "İmkanım olsaydı Azərbaycan Çempionatını AFFA-dan alıb İdman Araşdırmalar Mərkəzinə verərdim. Hazırda Azərbaycan Premyer Liqasında 8, jurnalistlərin turnirində isə 12 komanda var. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəldik. İndi də Zəfər Kubokunun qalibini görəcəyik".
Digər deputat Mahir Abbaszadə isə bu turnirdə özünün də Milli Məclisdə təmsil etdiyi Laçının olduğunu xatırladıb: "Həm Qarabağ, həm də Şərqi Zəngəzurda böyük idman obyektləri tikiləcək. Oradan reportajlar və xəbərlər hazırlayacaqsınız. Bəlkə də 3-4 il bundan əvvəl belə tədbirlər keçirə bilmirdik. Keçirsək də, ürəyimizcə olmurdu. Hamınıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".
İqor Ponomaryov isə yarışın əhəmiyyətindən söz açıb və bütün komandalara uğurlar arzulayıb: "Artıq ikinci ildir möhtəşəm turnirin açılış mərasimində iştirak edirəm. Dəvətə görə təşkilatçılara minnətdarlığımı bildirir, iştirakçı komandalara uğurlar diləyirəm. Zəfər Kuboku adı ilə keçirilməsinin çox böyük önəmi var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün belə bir yarış keçiririk. Media nümayəndələrinə də təşəkkür edirəm ki, təkcə qələmləri ilə yox, təşkilatçılıqları və gözəl oyunları ilə nəyə qadir olduqlarını göstərirlər".
Son olaraq Vətən müharibəsi qaziləri Ramin Yunusov və Daşqın Əziz çıxış edərək komandalara uğurlar arzulayıblar və Zəfər Kubokunu açıq elan ediblər. Dövlət Himninin səslənməsindən sonra Aqil Abbas və Ramin Yunusov topa rəmzi toxunuş ediblər. Bundan sonra isə "Zəngilan" və "Ağdam" komandaları arasında açılış matçı keçirilib.
Səbuhi Həsənov
Şərhlər