
Premyer Liqanın XI turu çərçivəsində keçirilən "Neftçi” - AZAL (4:0) oyunundan sonra bir neçə jurnalist matçın keçirildiyi "Bakcell Arena”da təzyiqə məruz qalıb. Qaynar.info futbol11.az-a istinadən xəbər verir ki, hadisə qarşılaşmadan sonra baş verib.
5-6 jurnalist "Neftçi”nin futbolçularının çıxdığı qapının qarşısında dayanıblar. Məqsəd futbolçulardan müsahibə almaq olub. Lakin stadionda olan polislər jurnalistlərin peşə vəzifələrini yerinə yetirməsinə əngəl olmağa çalışıblar. Hətta yarışları təşkil edən qurum - Peşəkar Futbol Liqasının təqdim etdiyi vəsiqə də polisləri fikrindən daşındırmayıb: "Ya içəri daxil olun, ya da stadionu tərk edin”.
Stadionun daxilinə keçməyə isə "Neftçi”nin mühafizəçiləri imkan verməyiblər. Nəhayət, məsələyə ilk öncə "İdman Azərbaycan” kanalının şərhçisi Elnur Məmmədli qarışıb. Məmmədli də polislərin haqsız olduqlarını, jurnalistlərin vəzifə borclarını yerinə yetirdiklərini bildirib. Ardınca isə hadisə yerinə özünü "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə çatdırıb. Yalnız bundan sonra polisləri fikrindən daşındırmaq mümkün olub.
Qaynar.info