Xəbər lenti

Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi
Ölkə 16:28 08.08.2025

Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi

Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs külli miqdarda cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Yoxlama zamanı xəstəxananın rentgen aparatının xəstəyə verdiyi şüa dozasının yol verilən həddi aşdığı və cihazın istismara yararsız olduğu müəyyən edilib. Bundan başqa, xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərən otaqlar aşkarlanıb. Ümumilikdə 9 nöqsan qeydə alınıb.

Artıq ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsi məhdudlaşdırılıb. Xəstəxananın nümayəndəsi məhkəmədə bildirib ki, protokol tərtib edildikdən sonra 9 pozuntudan 8-i aradan qaldırılıb. Hazırda yalnız bir pozuntu - ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmaması qalır. Bu məsələ ilə bağlı FHN və TƏBİB-ə rəsmi müraciət edildiyi də vurğulanıb.

Məhkəmənin qərarı ilə Qusar Rayon Mərkəzi Xəstəxanası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə təqsirli bilinərək 12 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, protokol xəstəxananın sabiq baş direktoru Kamil Hacıyevin dövründə tərtib edilsə də, məhkəmə qərarı bir neçə gün əvvəl vəzifəyə təyin olunan yeni direktor İmran Qurbanovun vaxtında çıxarılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->