
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev dünən “Boavişta”nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb.
Qaynarinfo.Az xəbər verir ki, Portu derbisində kobud səhvi ilə yadda qalan və 3 qol qapısından buraxan 30 yaşlı qolkiper VII tur matçında “Moreyrense” ilə ev qarşılaşmasında forma geyinib.
O, boliviyalı baş məşqçi Ervin Sançesin bu dəfə etimadını doğruldub. Belə ki, qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə “Boavişta”nın qapısına penalti təyin edib. Amma Kamran Ağayev qonaqlara sevinmək imkanı verməyib. O, hücumçu Robertunun zərbəsini dəf edərək komandasını xilas edib. Bundan 4 dəqiqə sonra 2012-2015-ci illərdə Moldova çempionatında çıxış etmiş braziliyalı müdafiəçi Lukas "Boavişta"nı vurduğu qolla sevindirib. 86-cı dəqiqədə seneqallı kapitan İdrisin qolu isə “Boavişta”nın qələbəsini rəsmiləşdirib - 2:0.
Kamran Ağayevin bu çıxışı Portuqaliyada yüksək qiymətləndirilib. Belə ki, o, ən yüksək - 4 bal alan 3 oyunçudan biri olub.
Qeyd edək ki, bu qələbədən sonra "Boavişta" turnir cədvəlində 8 xalla XIII pillədə qərarlaşıb.
Qaynarinfo.Az