
Portuqaliya çempionatının "Benfika" - "Boavişta" oyunundan sonra Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə bağlı baş verən qalmaqaldan xəbərdarsınız. Futbolçumuz 3:3 hesabı ilə başa çatan oyundan sonra "Benfika"nın braziliyalı mərkəz müdafiəçisi Jardellə (hətta bəzi mənbələr Kamranın "Benfika"nın digər braziliyalı mərkəz müdafiəçisi Luizao ilə də dalaşdığını iddia edir - red.) əlbəyaxa olmağa çox yaxın olub. Onu millimizin digər üzvü Emin Mahmudov, 2008-2012-ci illərdə "Boavişta"nın prezidenti olmuş Alvaru Braqa Juniur, qapıçılar üzrə məşqçi Alfredu və seneqallı məşqçi Fari Fey sakitləşdirə bilib.

Qaynarinfo.Az xəbər verir ki, görüntülərdə baş hakim Luiş Ferreyranın davada əsas iştirakçılardan olan oyunçumuza vərəqə verdiyi görünmür. Lakin Portuqaliya mətbuatı və məşhur "Marka" nəşri iddia edir ki, referi 96-cı dəqiqədə hər 2 oyunçuya - Kamrana və Jardelə sarı vərəqə göstərib. Bu isə o deməkdir ki, 74-cü dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alan Kamran Ağayevə "qırmızı" göstərilib.

Bəzi mənbələr bu vərəqələrin tuneldə göstərildiyini qeyd edir. Digərləri isə Jardel ilə Kamran arasında söz atışmasından sonra sarı vərəqələrin göstərildiyini bildirib. Kamranın da məhz bu sarı vərəqədən sonra özündən daha da çıxdığı qeyd olunub.
Bununla belə, oyundan sonra portuqaliyalı hakim sarı vərəqə göstərməsə belə, Kamranın azı növbəti turun matçını buraxacağı dəqiqdir. Çünki bu görüntüdə baş hakim köməkçisinə bu olayla bağlı qeydlərini aparmasını bildirir. Təbii ki, bu qeydlərə həftə ortası Portuqaliya İntizam Komitəsinin iclasında baxılacaq.

Qeyd edək ki, bu hərəkətlərinə görə Portuqaliya İntizam Komitəsinin Kamran Ağayevə minimum 1, maksimum 3 oyunluq cəza verəcəyi gözlənilir.
Qaynarinfo.Az