Xəbər lenti

Kamyu, Kortasar və qraffiti...
Məmməd SÜLEYMANOV
Sənət09:41 17.12.2019

Kamyu, Kortasar və qraffiti...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məmməd Süleymanov
Alber Kamyu 1953-cü ilin mayında Sent-Etyenn şəhərində həmkarlar ittifaqlarının mitinqində çıxış edir. Sonralar həmin çıxışın mətni "Çörək və Azadlıq” adı altında dərc olunur.
Bu, geniş auditoriya qarşısında nadir hallarda nitq söyləyən müəllifin ən enerjili mətnlərindən biri idi. Azadlıqla çörək arasında seçimin illüzorluğuna eyham vuran Kamyu mövcud durumu bu cümlələrlə qamçılayırdı:  
"Marksdan sonra azadlığın guya ki burjuaların uydurması olması barədə şayiələr gəzməyə başlayanda, bu məqamda bircə söz yerində deyildi və sözlərin düzülüşündəki bu səhvin altını indi də yüzilliyimizin qıcolması bahasına çəkirik. Azadlıq - burjua uydurması deyil, burjua azadlığı - uydurmadır, bax, belə demək lazım idi. Onu da demək lazımıydı ki, burjua azadlığı, ümumiyyətlə, azadlıq deyil, ya da ən yaxşı halda hələ o mərhələyə qalxa bilməyib...”
Qızıl kəlmələrdir, nə deyəsən. Aktuallığı nəinki azalıb, əksinə. Və biz burjua azadlığı mifi ilə hər gün, hər saat rastlaşdığımızdan, artıq fundamental anlamda, ensiklopedistlərdən qalan, çoxdan yoxa çıxmış klassik Avropa dəyərlərinə söykənən Azadlığın necə olduğunu nəinki unutmuşuq, bu haqda diskussiya və mülahizələr də bitib.
Hazırkı reallıq adiləşib və norma kimi qəbul edilib. Bəşər bataqlıqdakı nikbini xatırladır.
Bizə Azadlığın surroqatı və vitrini təqdim olunur. Və bu, totaldır.
Əgər müəllif aktual mövzulardan yaza bilməzsə, bu vaxt hətta Ezop dili də işə yaramırsa, onda Azadlıq haqda danışmaq həyasızlıqdır. Nəinki əməllər, hətta sözlər və fikirlər də (o Sabirin vaxtında idi ki, qanmamaq mümkünsüz sayılırdı) təbliğat, mətbuat və "vətəndaş cəmiyyəti institutları” (orta və ali məktəblər, məhkəmə və polis, ordu və həbsxana) vasitəsilə yönləndirilirsə, günlərin bir günü bütün bu repressiv nəzarət özü-özlüyündə təbii qəbul olunmağa başlayır.
Belə vaxtda doğrudan da Oruellin yazdığı "Azadlıq 2 dəfə 2-nin 4-ə bərabər olduğunu söyləyə bilməkdir” fikri qüvvəyə minir. Ancaq artıq nə görən gözlər, nə dinləyən qulaqlar qalıb.
Sən müəllif kimi kriminalı romantikləşdirə, idmandan və şou-şizdən (şou-şizofreniya) yaza, rəsmi xronikanı tirajlaya, tarix adı altında dünənin təhrifi və bu günün xeyrinə təftişi ilə məşğul ola bilərsən və yalnız. Bunlardan o yana qadağan olunmuş naməlum torpaq başlayır. Qadağalar isə sərəncam və qanunlarla deyil, onlar sadəcə varlar. Mininci dərəcəli əhəmiyyətsiz təfərrüatları zorla aktuallaşdırmaqla ömürlərini çürüdənlər bunu yaxşı bilirlər. Ancaq öz bataqlıqlarına təriflər yağdırmaqda davam edirlər.
Bəlkə doğrudan da Kamyunun "Qaliley öz imtinasında haqlı idi. Yerin nəyin ətrafında fırlanmağına görə ölümə getməyə dəyməzdi” fikri doğrudur? Yerdir də, onsuz da fırlanır. Əvəzində isə canını, nüfuzunu, çörəyini qorumuş olursan.
Belə olanda Kamyunun həmin çıxışından başqa bir sitata diqqət edək: "Əgər kimsə sizi çörəkdən məhrum edirsə, o, eyni zamanda azadlığınızı əlinizdən alır. Yox, əgər azadlığınız əlinizdən alınırsa, çörəyinizin də təhlükəyə məruz qaldığına əmin olun, çünki artıq o sizdən və mübarizənizdən deyil, sahibinizin kefindən asılıdır”.
Çörəklə Azadlıq arasında seçim yoxdur. Bu, aldanışdır, süni alternativdir. Və çörək üçün Azadlığı və haqlarını güdaza verənlərin necə çörəksiz qaldıqlarını hər gün görürük.
***
Əgər burjua demokratiyasının bəzəkli reklama çevrildiyi məkanlarda hakim siniflər Azadlıqla müəyyən qədər flirt edirlərsə və hüquqsuzluğu qışqıran vitrinlərin arxasında gizlətməyə təbliğat vasitəsilə nail olurlarsa, açıq-aşkar repressiv cəmiyyətlərdə heç buna da ehtiyac duymurlar. Oralarda atomlaşmış toplumun və ayrı-ayrılıqda fərdin mövcudluğunun "yadlaşma”sı və tragikomediyası çılpaq şəkildə özünü göstərir.  
Xulio Kortasarın öz Vətəni Argentinadakı hərbi diktaturanın mahiyyətini bütün dərinliyi ilə açan kiçicik bir hekayəsi var. "Qraffiti” adlı o hekayədə qəhrəman heç də siyasi fəal, şəhər partizanı yox, adi obıvatel və meşşandır.
Ölkədə divarları yazmaq qadağandır - bu, siyasi şüar və çağırışların yayılmasına, narazıların kommunikasiyasına mane olmağın effektiv yollarından biri sayılır. Və sonunda təkcə siyasi qraffiti yox, istənilən şəkil, mətn cəzalandırılır: polis dərhal onları silir, müəlliflər isə həbs və işgəncəyə məruz qalır.
Kortasarın qəhrəmanı "Nə qədər şey zarafatla başlayır və zarafatla da bitir” deyir. Onun nəzərində diktatura üçün ziyansız fiqurlar çəkib, sonra da o təsvirlərin polis tərəfindən necə silindiyini görmək də bir zarafatdır. Risqli zarafat.
Və günlərin birində onun rəsminin yanında daha bir rəsm peyda olur: "Təhlükə hissi ikiqat artdı - səndən başqa da kimsə uçurumun kənarında əylənməyi xoşlayırmış və bu kimsə - qadındır. Sən bu cür çəkə bilməzdin: xətlər, isti tonların üstünlüyü, hava. Sən indiyədək tək idin, bu da mükafatın; sən o naməlum qadınla fəxr edirsən, onun ələ keçə biləcəyindən narahat olursan...”
Və qraffitilərin dialoq”u başlayır. Bir dəfə isə o, polisin gənc qadını qraffiti çəkərkən polis tərəfndən tutulub döyülərək aparıldığını görür. Naməlum qadının üzünü görmür - yalnız zərbələr və saçından tutularaq yerlə sürüdülməsi.
Ara sakitləşəndən sonra o, hadisə yerinə yaxınlaşıb hələ tam silinməmiş qraffitiyə baxır: "Onun adına və ya ağzına bənzəyən portağal, sənin çəkdiyin üçbucağa onun cavabı - düzgün formalı dairə, bəlkə də spiral. O, "hə”, yaxud "indi”, bəlkə də "həmişə” demək istəyirdi”. 
Aydındı ki, ona amansız işgəncələr veriləcək, Videla diktaturasında bunu mükəmməl bacarırdılar, az qala incəsənət səviyyəsinə qaldırmışdılar. Yalnız müəyyən vaxt keçəndən sonra qəhrəman bir daha və son dəfə o naməlum qadının qraffitisinə rast gəlir:
"Narıncı oval və bənövşəyi ləkələr - kiminsə şişkin üzü, axıb tökülmüş gözü, yumruq zərbələrindən dağılmış ağzı. Əlbəttə, o, başqa nə çəkə bilərdi ki?! O, bu yolla səninlə vidalaşır və xahiş edir ki, sən çəkməyi davam etdirəsən. Hətta güzgünün də olmadığı yuvasına dönməzdən, oradakı qaranlığa bürünüb xatirələrə dalmaqdan, sənin necə gecələr rəsm çəkmək üçün evdən çıxdığını təsəvvür etməkdən əvvəl o, sənin üçün cavab qoymalıydı...”