
Maştağa qəsəbəsi, Subtropik sovxoz kimi tanınan əraziyə gedərkən ehtiyatlı olun.
Yollar bərbad olduğundan mənzil başına çatıb-çatmamaq məsələsi ortaya çıxa bilər. Amma problem tək bu deyil. Sözügedən ərazidə, nə məktəb, nə də səhiyyə ocağı var.
Maştağa qəsəbəsi, Subtrobik sovxoz kimi tanınan ərazinin sakinləri yaşadıqları ünvana asfaltın çəkilməməsindən narazıdırlar. Bura köçəndən bəri bu, kələ-kötür, çala-çuxurlu yollarla getməyə məcbur olublar. Yayda tozun, torpağın, qışda isə palçığın əlindən çölə ayaq basa bilmirlər. Sakinləri narahat edən digər bir məsələ isə, məhz bu keçilməz yollarla uşaqların qəsəbədəki məktəblərə üz tutmasıdır. Hələ 2 il bundan əvvəl onlara məktəb tikiləcəyi vəd olunub. Amma bu vəd də, hələ vədəsinə çatmayıb.
Subtrobik sovxozun sakinləri yaşadıqları ünvanda heç bir səhiyyə ocağının olmamasından da ağız dolusu giley etdilər.
Sakinlər Subtrobik sovxozun gözdən iraq, könüldən uzaq düşdüyün bu günə kimi heç bir məsul şəxsin əraziyə baş çəkmədiyini deyirlər. Sakinlərin mövcud problemlərindən hali olub üz tutduq Maştağa qəsəbə nümayəndəliyinə. Qəsəbə nümayəndiliyinin rəsmisi Zülfüqar Cəfərov həmin ünvandakı problemlərlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edildiyini və məsələnin artıq Dövlət Proqramına salındığını bildirdi.
Dövlət Proqramına salınan, həm də ərazidə təhsil və səhiyyə müəsisələrinin inşasıdır.
Hər halda işlər mərhələli şəkildə həyata keçirilir və bu sözsüz ki, zaman tələb edir. Sakinlərə isə daha 2 il də səbr etmək qalır. Çünki 2014-2016-cı illərdə onların narazılıq etdiyi bütün problemlər həllini tapacaq.
Qaynar.info