Dünya 15:49 20.02.2024

Keçmiş prezidentin arvadı onun qətlində ittiham olunur

Haiti məhkəməsi keçmiş prezident Jovenel Moisin qətlində onun dul arvadı Martin Mois, keçmiş baş nazir Klod Jozef və Milli polisin keçmiş rəisi Leon Şarlə qarşı ittiham irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant "Gazette Haiti” portalına istinadən məlumat yayıb.

Hakim Valter Vesser Volter, ümumilikdə Port-o-Prensdə 51 nəfərin mühakimə olunaraq həbs edilməsinə qərar verib. Haitinin Amerika Dövlətləri Təşkilatındakı hazırkı daimi nümayəndəsi, prezident Moisin sui-qəsdi zamanı polis rəisi olmuş Leon Şarlə ən ağır ittihamlar - adam öldürmə, qanunsuz silah saxlama və gəzdirmə, dövlət çevrilişi hazırlama və cinayətkar birliyin yaradılması ittihamları irəli sürülüb.

AP hakimin hesabatına istinadən xəbər verir ki, prezident sarayının keçmiş baş katibi Lionel Valbrun dindirmə zamanı Martin Moisin ona təzyiq etdiyini bildirib. O, xüsusilə, dövlət başçısının ofisinin keçmiş baş nazirin sərəncamına verilməsini tələb edib, çünki ona "nazirlər şurasını təşkil etmək” üçün lazım idi.

Lionel Valbrun həmçinin qeyd edib ki, ərinin öldürülməsindən iki gün əvvəl xanım Mois iqamətgahda təxminən beş saat qalıb və bir çox əşyaları çıxarıb.
 
Prezidentin öldürülməsindən iki gün sonra onun dul arvadı Valbruna zəng vuraraq ona "T Klod”a (keçmiş baş nazir bu ləqəblə tanınır) iqamətgah təhvil verməyi tapşırıb və bildirib ki, o, "üç aydan sonra seçki keçirəcək ki, mən prezident ola bilim, bundan sonra bizim hakimiyyətimiz olacaq”. 

Klod Jozefin özü AP ilə söhbətində hazırkı baş nazir Ariel Henrini siyasi səbəblərə görə təqib etməkdə ittiham edib. "Bu, klassik dövlət çevrilişidir, - o deyib. – Onlar 2021-ci il iyulun 7-də məni və Martin Moisi öldürə bilmədilər, indi Makiavelist gündəmlərini davam etdirmək üçün Haiti ədalət sistemindən istifadə edirlər”.

20 iyul 2021-ci ildə baş nazir vəzifəsini icra edən Ariel Henri əvvəlcə qətldə şübhəli bilinənlər siyahısına salınsa da, hakimin son hesabatında onun adı çəkilmir.
Xatırladaq ki, Jovenel Mois 2021-ci il iyulun 7-də 53 yaşında prezident iqamətgahında öldürülüb. Evə soxulan 20-yə yaxın şəxs onun həyat yoldaşı Martinə də atəş açaraq yaralayıb. Mühafizəçilər prezidenti qorumaq üçün faktiki olaraq heç nə etməyiblər və bu, dövlət başçısının ətrafında sui-qəsdin olması ilə bağlı şübhələrə səbəb olub.

Nizami Bağırov