Xəbər lenti

Keçmiş rəhbərliyi yol nişanlarını oğurlamaqda ittiham olunan şirkət 400 minlik tender uddu
Ekonomiks 18:22 28.10.2024

Keçmiş rəhbərliyi yol nişanlarını oğurlamaqda ittiham olunan şirkət 400 minlik tender uddu

Naxçıvan Yol Təchizatı yol nişanlarının və tramplinlərin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi məşhur "Yol Nişan" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 402 304,48 manatdır.

"Yol Nişan" şirkəti 2019-cu ildə yol nişanlarının oğurlanması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan" MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov,Rüstəm Qurbanov,  Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar. Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

"Yol Nişan" şirkətinin direktoru Şamxal Qurbanov və digər şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Səbail Rayon Məhkəməsinin hökmü ilə Şamxal Qurbanov 3 ay 28 gün, Elgün Salahov 1 il 9 ay 28 gün, Elşad Mənəfov 2 il 6 ay, Bəxtiyar Umudov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Rüstəm Qurbanov isə 3000 manat cərimələnib. 

"Yol Nişan" MMC 2017-ci ildən fəaliyyət göstərir. Şamxal Qurbanov 2020-ci ilə qədər, yəni cinayət məsuliyyətinə cəlb ediləndən sonra da şirkətin direktoru olub. 

Hazırda MMC-nin qanuni təmsilçisi Babaverdiyev Rəşid Telman oğludur. Açıq mənbələrdə onun haqqında heç bir məlumata rast gəlinmir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->