Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısına kəndin layihəsi barədə məlumat verilib.
Qeyd olunub ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
Məlumat verilib ki, Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji”dən istifadə olunacaq.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxıb.
Daha sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoyub.
Şərhlər