Xəbər lenti

Kənd təsərrüfatı mallarında ƏDV dəyişikliyi qiymətə necə təsir edəcək? (ŞƏRH)
Ekonomiks11:26 23.11.2021

Kənd təsərrüfatı mallarında ƏDV dəyişikliyi qiymətə necə təsir edəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atılan bu addımın elə də ciddi təsiri olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov kənd təsərrüfatı məhsulları üzrə istehsalçıdan sonra bütün növbəti həlqələrdə ƏDV-nin tətbiq ediləcəyi və bunun yalnız məhsulun ticarət əlavəsinə görə hesablanacağı barədə Dövlət Vergi Xidmətinin məlumatını şərh edərkən deyib: 
"Bu sahədə əsas problem istehsal olunan məhsulun məhsuldarlığının aşağı olmasındadır. İstehsal olunan kənd təsərrüfatı məhsulu baha başa gəlir. Xərc yüksəkdir, istehsal vasitələri xaricdən gətirilir, bir çox hallarda onlar da keyfiyyət göstəricisinə cavab vermir. Bu səbəbdən istehsal edilən yerli məhsul daxili tələbatı ödəmir. Bu, heç də o demək deyil ki, məhsulun topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlar onu ucuz qiymətə satacaq. Sahibkarlar məhsulun tez xarab olması səbəbindən, keyfiyyəti aşağı düşən kimi, onun qiymətinı endirməli olurlar. Bu zaman bir çox hallarda həmin satılan məhsul qeydə alınmır, onun yalnız bir hissəsi kassadan keçirilir. Məsələn, bazarlarda, kiçik marketlərdə, topdansatışda satılan kənd təsərrüfatı məhsulları qeydə alınmır. Yalnız supermarketlərdə qeydə alınır. Ona görə düşünmürəm ki, atılan addımın elə də ciddi təsiri olsun”. 
Ekspert bildirir ki, belə vəziyyət ancaq supermarket sahiblərinə sərf edəcək, onlara fayda verəcək:
"Bu, qiymətin aşağı salınmasına hesablanan amil deyil. Onda ƏDV ödəyicisi olmayan sahibkarların supermarketdən fərqli olaraq satdıqları məhsul çox ucuz olmalı idi. Problem ondadır ki, oliqarxlar onsuz da vergi ödəmir, mal, məhsulun bir hissəsini ümumiyyətlə, qeydiyyatdan keçirmirlər. Ona görə də bu tədbir hər hansı bir nəticə verməyəcək”.
Qeyd edək ki, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanacağını bildirib.
Rüfət Sultan